
1877-ci ildə "Əkinçi" qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq, ölkəmizdə bir müddət azərbaycanca mətbu orqan nəşr edilmişdi. Ölkədə cərəyan edən ictimai proseslər və cari məsələlər bir müddət yerli rusdilli mətbuatda öz əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə, birinci nömrəsi 1871-ci ilin mart ayında işıq üzü görən "Bakinski listok" olmuşdur. 1876-cı ildə ikinci rusdilli qəzet "Bakinskiye izvestiya" nəşrə başlamışdır. Çox keçmir ki, 1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olur. Qəzetin cəmi 104 nömrəsi çıxdıqdan sonra 1880-ci ildə, o, çapını dayandırır. 1883-1891-ci illərdə Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı işıq üzü görür. XX əsrdə isə, Azərbaycan dilində çıxan qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti olmuşdu. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə 1906-cı il aprelin 7-də Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - "Molla Nəsrəddin" işıq üzü gördü. Mütərəqqi ideyaların carçısı olan "Molla Nəsrəddin" jurnalı müstəmləkəçilik siyasətini, geriliyi, mövhumatı amansız satira atəşinə tutur, Azərbaycan dilinin saflığı uğrunda ardıcıl mübarizə aparırdı. Bütün təqib və təzyiqlərə baxmayaraq, "Molla Nəsrəddin"in haqq səsi, çox keçmədən, Qafqazın hüdudlarını aşıb Rusiyada, türk aləmində, bütün Yaxın və Orta Şərqdə eşidildi.
Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında, mədəni zənginliyimizin tanınıdılması və təbliğ edilməsində, Azərbaycan reallıqlarının, milli-mənəvi dəyərlərimizin, respublikamızın həyatında baş verən yeniliklərin operativ, obyektiv və peşəkar şəkildə yerli və beynəlxalq ictimaiyyətə çatdırılması böyük peşəkarlıq tələb edir və mətbuat işçilərimiz bu işin öhdəsindən layiqincə gəlirlər.
Vüqar Musayev-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi