
Ümumiyyətlə, "Əkinçi" jurnalistika məktəbi olaraq yarandığı tarixdən - XIX əsrin ortalarından formalaşaraq böyük bir milli ictimai-ədəbi və mədəni düşüncə sisteminin inkişafına güclü təkan verdi. "Əkinçi"dən sonrakı illərdə "Kəşkül" "Ziya", "Ziyayi-Qafqaziyyə" kimi anadilli nəşrlər fəaliyyətə başladı. 1895-ci ildə xeyriyyəçi milyonçu Hacı Zeynalabdin Tağıyevin Bakıdakı rus naşirdən alıb milli ziyalılarımızın ixtiyarına verdiyi, Əlimərdan bəy Topçubaşovun redaktor, Həsən bəy Zərdabinin müavin olduğu "Kaspi" qəzeti də Azərbaycan mətbuatının özülünü daha da möhkəmləndirdi.
Cəmiyyətdə mətbuatın rolunu yüksək dəyərləndirən Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda milli mətbuatın inkişafı üçün geniş imkanlar yaradıldı.
Ölkəmizdə azad mətbuatın əsaslı hüquqi bazası yaradıldı, qarşıya çıxan maddi-texniki maliyyə problemlərinin həlli ilə bağlı dövlət səviyyəsində vacib tədbirlər görüldü.
1998-ci ildə senzuranın ləğvi, 2001-ci ildən isə ölkədə latın qrafikalı əlifbaya keçirilməsi müasir mətbuatımızın tarixində ən əlamətdar hadisələrdir.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev də azad mətbuatın inkişafını demokratik cəmiyyət quruculuğunda jurnalistlərin fəaliyyətini daim dəstəkləyir. Azad mətbuatın mövcudluğu ölkəmizin demokratik inkişafı üçün ən başlıca şərtlərdən biridir.
Azərbaycan mətbuatının özülü 150 il sağlam əsaslarla - xalqa təmənnasız xidmət, onun tərəqqisi yolunda çalışmaq amalı ilə qoyulub. Bu bünövrə üzərində ucalan mətbuatımız həmişə xalqımızla bir yerdə olub, onun arzu və əməllərinə çıraq tutub.
Sabunçu rayonu, 96 nömrəli tam orta məktəbin tarix müəllimi Əzizzadə Nəzakət