Əkinçi qəzeti Azərbaycan Milli Mətbuatının əsasını qoymuşdur

Əkinçi qəzeti Azərbaycan Milli Mətbuatının əsasını qoymuşdur
Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. “Heç olmaz ki, doğru söz yerdə qalsın” deyən Həsən bəy Zərdabi el-obanın zülmət içində boğulduğu bir vaxtda ona əl uzatmaq, onun yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün “Əkinçi”ni yaratdı.
"Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış edibilər.
Azərbaycan milli mətbuatının qazandığı "Əkinçi" qəzetinin ana dilinin saflığını qorumaq, geniş oxucu kütləsi ilə anlaşıqlı, ifadəli dildə danışmaq sahəsində göstərdiyi nümunə sonrakı 135 ildə də aktual və gərəkli olmuşdur. "Əkinçi" qəzeti türk-Azərbaycan dili probleminə ciddi əhəmiyyət verir və onun təkmilləşdirilməsi məsələlərinin təbliğinə kifayət qədər yer verirdi. Sübutlar gətirməyə ehtiyac yoxdur ki, "Əkinçi" sadə, anlaşıqlı xalq dilində nəşr olunurdu. Yəqin ki, M.F.Axundovu da "Əkinçi" nin nəşr dili çox maraqlandırırdı. O, Həsən bəy Zərdabiyə "Əkinçi" nin dili barədə tövsiyələrini verirdi. M.F.Axundov Həsən bəy Zərdabiyə 21 aprel 1875-ci il tarixli məktubunda yazırdı: «Sizin qəzetinizin məziyyətlərindən biri də üslub gözəlliyi, məlumatların şərhinin incəliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyüdür
Əkinçi«nin fəaliyyət göstərdiyi dövrdə maarifçilik mədəniyyətinin mühüm tərkib hissələrindən biri də kitab çap mədəniyyəti, lazımlı kitabların digər dillərdən türk-Azərbaycan dilinə tərcüməsi idi. Qeyd etmək lazımdır ki, bu məsələlər „Əkinçi“dən sonra da, xüsusilə, XX əsrin lap ibtidasında Həsən bəy Zərdabinin maarifçilik fəlsəfəsində əhəmiyyətli yer tutmuşdur. Əlbəttə, yeni səviyyədə, yeni ictimai-siyasi, mədəni-mənəvi məzmunda.
Həsən bəy „Əkinçi“nin elə ilk nömrəsində bəyan etmişdi: „Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki məsəldir deyərlər, zəmanə sənə saz olmasa, sən zəmanəyə saz olgunan. Zəmanənin dəyişilməyi, əlbəttə, hər anlıyan kəsə məlumdur və bu tövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gediblər. Onların belə irəli getməyinə mane olmaq, yəni onları keçən zamanənin qaydası ilə saxlamaq məsləhət deyil. (“Daxiliyyə»). Cəsarətlə demək olar ki, Həsən bəyin söylədiyi bu fikirlər "Əkinçi«nin fəaliyyət göstərdiyi bütün dövrlərdə bir növ qəzetin ana xəttini təşkil etmiş və Zərdabi isə həmişə bu ideyanı rəhbər tutmuşdur və heç zaman ondan dönməmişdir. Insan, onun şüuru, idrak prosesi barədə söylənilmiş, əsas etibarilə də Zərdabi zəkasına məxsus ideyalar olduqca maraqlıdır. Zərdabi, məsələn, göstərirdi ki, „insanın hər bir hərəkəti və fikir dərəcatı beyinlədir və beyin başda və beldə olur, oradan da bədənin hər tərəfinə damarları gedir“
İnsan və heyvanın müqayisəsinə dair "Əkinçi«də yer almış yazılar bu cəhətdən dərin elmi məzmuna və ictimai-siyasi pafosa malikdir. Zərdabi belə hesab edirdi ki, insan dünyanı dərk etmək qabiliyyətinə və şüura malik olduğuna görə bütün mövcudatın əşrəfidir, ən yüksək varlıqdır.
Qəzeti nəşr etməkdə Həsən bəyin əsas məqsədi xalqı maarifə, elmə, təhsilə səsləmək, onu zülm və cəhalətdən qurtarmaq, qəflət yuxusundan oyatmaq idi. Bunu müəllifin 1906-cı ildə "Həyat" qəzetində çap etdirdiyi "Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsindən aydın görürük. Həsən bəy yazırdı: "Hər kəsi çağırıram - gəlməyir, göstərirəm - görməyir, deyirəm - qanmayır. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru sözlər yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu, rəxnə tapar və su mürur ilə bəndi uçurub aparar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar"


Ceyhun Sadizadə - Maştağa qəsəbəsi 28 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

Oxşar xəbərlər