
1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən ilk milli qəzet olan "Əkinçi"nin nəşrə başladığı gün ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur.
Milli Mətbuat Günü, ölkəmizdə mətbuatın inkişafında stimul, eləcə də jurnalistikanın rolunun diqqətə alınmasında əsas ruhlandırıcı amil kimi xüsusi qeyd olunur. Bu gün, həmçinin, ölkəmizdə söz və informasiya azadlığının təmin edilməsinin əhəmiyyətini vurğulayır və medianın “səsinin” duyulmasını ön plana çəkir. XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub. "Əkinçi" qəzetinin nəşri, Azərbaycan milli mətbuatının təməl pilləsi olmuş və ölkədə ictimai-siyasi fikir tarixinə böyük təsir göstərmişdir. Bu qəzet, maarifçilik ideyalarını təbliğ etmiş, milli şüurun və milli kimliyin formalaşmasına töhfə vermişdir. Cəmi iki il fəaliyyət göstərən, 56 sayı olan qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, ictimai-siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir. Milli Mətbuat Günü, jurnalistlərin peşə bayramı kimi qeyd olunur və media nümayəndələrinin dəvət olunması ilə onlar arasında görüşlər, bir sıra tədbirlər keçirilir.
XIX əsrin sonlarından etibarən Azərbaycan mətbuatı maarifçilik ideyalarını yayaraq xalqın intellektual inkişafına mühüm töhfələr vermiş, XX əsrin əvvəllərində isə milli kimliyin qorunması və azadlıq ideyalarının təbliği baxımından strateji rol oynamışdır. “Molla Nəsrəddin”, “Füyuzat” kimi nəşrlər bu dövrdə ictimai-siyasi fikrin inkişafında xüsusi yer tutmuşdur.
Sovet dövründə ciddi senzura şəraitində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan mətbuatı milli düşüncəni qorumaq və maarifçilik ənənələrini yaşatmaq istiqamətində fəaliyyətini davam etdirmişdir. 1980-ci illərin sonlarından başlayaraq, müstəqil qəzetlər xalqın müstəqillik ideyalarının geniş yayılmasında və cəmiyyətin ictimai-siyasi fəallığının artmasında mühüm rol oynamışdır. Senzuranın ləğvi, özəl və müstəqil media qurumlarının yaradılması, informasiya texnologiyalarının inkişafı mətbuatın ictimai proseslərə təsir imkanlarını genişləndirdi. Müstəqillik əldə edildikdən sonra Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoymuş, demokratik dəyərlərin təşviqi, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşmasında aparıcı mövqelərdən birini tutmuşdur. Media hüquqi dövlətin qurulması, vətəndaş cəmiyyətinin təşəkkül tapması və demokratik dəyərlərin möhkəmlənməsi istiqamətində fəallıq nümayiş etdirdi.
Ulu öndər Heydər Əliyev Azərbaycan mətbuatının inkişafında və söz azadlığının təmin olunmasında əvəzsiz rol oynamışdır. Onun rəhbərliyi dövründə həyata keçirilən islahatlar və qəbul olunan qanunvericilik aktları medianın azad və müstəqil fəaliyyətinə geniş imkanlar yaratmışdır. 1999-cu il 7 dekabr tarixində qəbul olunan “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun mətbuatın hüquqi bazasının möhkəmləndirilməsinə və demokratik prinsiplərin tətbiqinə xidmət etdi. Qanunla mətbuat orqanlarının qeydiyyatı sadələşdirildi və onların sərbəst fəaliyyəti üçün hüquqi əsaslar yaradıldı. 2003-cü ildə Azərbaycan Jurnalistlərinin birinci qurultayında Mətbuat Şurası yaradıldı. Bu, mətbuatın özünütənzimləmə metoduna keçid və cəmiyyət-media münasibətlərinin normallaşması baxımından mühüm addım oldu. Ulu öndər Heydər Əliyev mətbuatı cəmiyyətin güzgüsü və demokratik inkişafın əsas dayaqlarından biri kimi qiymətləndirirdi. Ulu öndər Heydər Əliyevin mətbuat və media sahəsində həyata keçirdiyi islahatlar və verdiyi dəstək nəticəsində Azərbaycanda azad və müstəqil mətbuatın formalaşması və inkişafı üçün möhkəm təməl yaradıldı.
2020-ci ildə Vətən müharibəsi zamanı – “Dəmir Yumruq” əməliyyatları dövründə isə Azərbaycan mediası yeni bir sınaqdan uğurla keçdi. Mətbuat orqanları, televiziya kanalları və rəsmi internet resursları xalqı və beynəlxalq ictimaiyyəti operativ, dəqiq və rəsmi məlumatlarla təmin etməklə yanaşı, informasiya təhlükəsizliyi və dövlət maraqları baxımından da məsuliyyətli mövqe sərgilədi. Xüsusilə cənab Prezident İlham Əliyevin xalqa müraciətləri, döyüş meydanındakı qələbə xəbərləri, şəhidlərimizin qəhrəmanlığı barədə yayımlanan materiallar milli ruhun güclənməsində, informasiya savaşında Azərbaycanın üstün mövqe qazanmasında media vasitələrinin əvəzsiz rolunu bir daha nümayiş etdirdi.
Bütün bu mərhələlər göstərir ki, milli mətbuatımız yalnız informasiya daşıyıcısı deyil, həm də xalqın tarixi yaddaşının, azadlıq və müstəqillik mübarizəsinin güclü ifadə vasitəsidir.
Beləliklə, milli mətbuatımız tarixin bütün mərhələlərində xalqın səsinə çevrilmiş, milli ideyaların carçısı olmuş, müstəqillik və azadlıq uğrunda mübarizədə silahsız bir ordu kimi fəaliyyət göstərmişdir. Bu gün də milli mətbuat öz maarifləndirici, milli birliyi gücləndirici və ictimai şüuru formalaşdırıcı funksiyasını davam etdirir.
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin Biologiya müəllimi Əzizə İbrahimli