22 İyul Milli Mətbuat Günü ilə əlaqədar

22 İyul Milli Mətbuat Günü ilə əlaqədar

1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb.
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 149 il ötür.
Azərbaycanın milli mətbuat tarixi Böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-də dərc olunan tarixdən götürülür. Həmin qəzetin 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olmuşdur. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşmışdır. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər.
Mətbuat cəmiyyətin siyasi həyatının müxtəlif tərəfləri barədə balanslaşdırılmış, obyektiv, qərəzsiz və dolğun informasiya verilməsi yolu ilə siyasi mədəniyyətin təkmilləşdirilməsinin başlıca vasitələri sırasında yer alır. Tirajlanan söz eyni zamanda ictimai rəyə - əhalinin geniş kütlələrinin əhval-ruhiyyəsinə, davranışlarına, beləliklə də siyasi proseslərə, bütövlükdə siyasətə təsir göstərir. Bu təsirin mahiyyəti ondan ibarətdir ki, kütləvi informasiya vasitələri əldə etdiyi məlumatın hazırlanması, ötürülməsi və yayılmasının müxtəlif üsullarından istifadə etməklə, habelə həmin məlumatı öz şərhləri ilə birlikdə yaymaqla insanlarda müəyyən ideyaların, təsəvvürlərin, mövqelərin formalaşmasına əhəmiyyətli təsir göstərir, cəmiyyətdə müəyyən davranış və fəaliyyət üçün meyillərin yaranmasına kömək edir.
Milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı. Müstəqillik illərində müasir KİV sisteminin aparıcı qolunu təşkil edən müstəqil radio və televiziya kanalları yaranmış, geniş informasiya məkanında öz yerlərini möhkəmləndirməyə nail olmuşlar. Bu dövr, həmçinin müstəqil informasiya agentliklərinin, internet informasiya portallarının yaranması və strukturlaşması dövrü kimi xarakterizə olunur.
1998-ci ildə Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu hadisə mətbuatın inkişafına ciddi təkan verdi. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.
Azərbaycan mediası həm birinci, həm də ikinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.


Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
İlahə Abdullazadə.

Oxşar xəbərlər