
Köçəryan-Sərkisyan xunta rejiminin xarici işlər naziri olmuş Vardan Oskanyan ABŞ-dan pərt ovqatda qayıdıb. Revanşist-radikallardan olan Oskanyan iki isveçrəli deputatla birgə uydurma “artsax” mövzusunu bütün cəhdlərə rəğmən, nə Konqresin, nə də Ağ Ev hökumətinin gündəliyimə saldıra bilib.
Sabiq nazir səfərin fiasko ilə bitməsini belə izah edib: “Birincisi, ümumi xarici siyasi kursa sadiq qalaraq, prezident Trampın rəhbərliyi altında ABŞ öz təsirindən istifadə edərək, mümkün qədər çox münaqişələrdə tez sülhə nail olmağa çalışır. Ermənistanla Azərbaycan arasında sülh prosesi belə prioritetlərdən biridir. İkincisi, Vaşinqton Cənubi Qafqaza strateji dəhliz - mühüm enerji tranziti marşrutu, həmçinin İranla sərhəddə bufer zona və zəifləməsinə baxmayaraq, Rusiya və İranın təsirinin hələ də qaldığı bir region kimi baxır. Bu kontekstdə Azərbaycan mühüm tərəfdaş sayılır. Təkcə enerji alternativi kimi yox, həm də təhlükəsizlik sahəsində İsraillə əməkdaşlıq edən bir ölkə və NATO üzvü Türkiyənin müttəfiqi kimi qəbul edilir. Bütün bu amillər Azərbaycanı ABŞ-ın regional strategiyasının əsas elementinə çevirir. Ermənistan isə əksinə, təsir rıçaqlarını itirmiş ölkə kimi qəbul olunur”.
Oskanyana görə, ABŞ-da təmasda olduğu bütün həmsöhbətlər guya “İsveçrə Sülh Təşəbbüsünə rəğbət bəsləyib, "xüsusən də ermənilərin Qarabağa geri qayıtmaq hüququ" baxımından: “Ancaq hər görüşdə eyni sual qaldırılırdı: ermənilərin qayıdışı ilə bağlı təşəbbüs Ermənistanla Azərbaycan arasında gedən danışıqlara maneə yaratmayacaq ki?” Yəni başdan eləmək məsələsi.
Oskanyanın acı etirafları nədən xəbər verir? ABŞ-ın Güney Qafqazla bağlı əsas prioriteti nədir? Trampın dediyi kimi, Bakı və İrəvan arasında tezliklə sülh müqaviləsi imzalana bilərmi?
Professor Qabil Hüseynli əvvəldən əmin idi ki, Oskanyan və avropalı deputatların ABŞ turnesi fiaskoya məhkumdur. Onun sözlərinə görə, ümumiyyətlə, bu adamlar boş-boş işlərlə məşğuldur və Amerika siyasətində Qarabağ mövzusu yoxdur. “Bu adamlara Rubionun bəyanatı, Əbu-Dabi görüşü, ardınca Avropa İttifaqının mövqeyi hələ də dərs olmayıbsa, deməli, ya dəlilik həddinə çatıblar, ya da reallıq hissini itiriblər. Axı ABŞ və Avropa Birliyi tərəfləri tezliklə sülh sənədi imzalamağa çağırır, nə Qarabağ, nə bölgədən gedən ermənilərin qayıdış məsələsi?! Bu münaqişə bitib, Tramp administrasiyası üçün prioritet məsələ deyil. Onun ilk prezidentliyi dövründə də işğala son qoyduq. İndi də sülh üçün danışıqlar gedir. Sadəcə, belə adamlar ABŞ-ın bəzi siyasi kluarlarında veyllənirlər, guya Qarabağ ermənilərini gündəmə gətirirlər. Onlarda həya olsaydı, Bakı və İrəvanın indiki gündəliyini görüb geri çəkilərdilər. Ona görə də səfər çərçivəsində ciddi görüşlərin olmaması gözlənilən idi. Nə Konqres, nə Dövlət Departamenti onları adam yerinə qoydu. İsveçrəli deputatlar da utansınlar ki, Oskanyan kimi bir siyasi tulanın dalınca düşüblər”.
Q.Hüseynli hesab edir ki, keçmiş nazir pul qazanmaq üçün bu görüşləri təşkil edir. Onun Paşinyana da nifrət etdiyini xatırladan professorun fikrincə, Oskanyan ikibaşlı addım atır: “Bununla guya Paşinyanın antimilli olduğunu göstərmək istəyir, yəni onlar "artsax" davası aparır, həm də Azərbaycan əleyhinə saxta təbliğat kampaniyası qurur. Onun da cavabını elə son danışıqlarla verdik".
Politoloqa görə, əslində Qarabağ ermənilərinin qayıdış fikri yoxdur, Oskanyan ortalığa düşüb: “İsveçrəli deputatlar isə erməni lobbisindən qaynaqlanır. Onlar heç xəritədə Qarabağın yerini bilmirlər. Sizi inandırım ki, keçmiş münaqişədən də xəbərsizdirlər. Sadəcə, pul müqabilində xidmət göstərirlər. Özləri də yaxşı bilirdilər ki, tədbirləri fiaskoya məhkumdur. Dünyada yeni reallıqlar var və ABŞ bir ovuc erməni ilə məşğul olmağa həvəsli deyil. Üstəgəl, Trampın Azərbaycana münasibəti göz qabağındadır”.
Politoloq sonda əlavə edib ki, ermənilərin Xankəndi və ətraf ərazilərə qayıdışı qərbi azərbaycanlıların yurd-yuvasına dönüşü ilə paralellik təşkil edə bilər.
Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, revanşistlərin ermənilərin Qarabağa qayıdışı mövzusunu daim gündəlikdə saxlayacağına hazır olmalıyıq: “Bu məsələ uzun müddət davam edəcək. Hətta sülh sənədi imzalansa belə, yenə də deyəcəklər ki, "Qarabağ ermənilərinin hüquqları", “mülkiyyət haqları” və sair ilaxır. Nəzərə alaq ki, erməni lobbisi kifayət qədər aktivdir, deməli, başqa-başqa platformalarda, tribunalarda məsələni qaldıracaqlar. Amma bunun uğur qazanmaq şansı yoxdur. Çünki nə BMT, nə dünya gücləri “etnik təmizləmə” adı ilə qətnamə qəbul etməyiblər. Bəzi ölkələrin parlamentləri, beynəlxalq təşkilatlar müəyyən qətnamələr irəli sürüblər, amma hüquqi əsası yoxdur. Yəni Oskanyan və digərlərinin canfəşanlığı odur ki, Azərbaycana sanksiya tətbiq edilsin, guya ermənilər genosidə məruz qalıb... Bu cəfəngiyyata isə dünyada heç kəs inanmır və onların antiterror əməliyyatından sonra necə getdiyi də videosübutlarla qalmaqdadır".
Təhlilçi hesab edir ki, ABŞ-dakı hakimiyyətin onları yüksək səviyyədə qarşılamayacağı əvvəldən bəlli idi: “Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətnini razılaşdırıb, qalan iki bəndin icrasını gözləyirik. Belə bir şəraitdə "artsax" kimi mifik müzakirələr heç rəsmi İrəvanı da maraqlandırmır. Oskanyan ağlını itirmiş qocadır və çərənləməyə davam edir. Lobbinin verdiyi 3-5 qəpiyə əl açaraq nökərçiliklə məşğuldur. Diplomat özünə hörmət qoymalıdır. Amma Oskanyanın hansı siyasi komandadan gəldiyini nəzərə alsaq, bu səviyyəyə enməsi məntiqlidir. Bir sözlə, hadisələrin indiki inkişaf nöqtəsində revanşist qüvvələrin tamamilə sıradan çıxarılması lazımdır. Bu dairələr ürək bulandırmaqla proseslərə kölgə salır. Azərbaycan diasporu da fəal olmalı və belə səfərlərə reaksiya verməlidir. Ən azından ABŞ-dakı diaspor fəallarımız buna etiraz edə bilər".