Milli mətbuatın 150 illik inkişafında böyük liderlərin rolu

Milli mətbuatın 150 illik  inkişafında böyük liderlərin rolu
Azərbaycan milli mətbuatının təməli 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulmuşdur. “Əkinçi” yalnız ilk milli qəzet deyil, həm də maarifçilik, milli oyanış və azərbaycançılıq ideyalarının daşıyıcısı kimi tariximizdə silinməz iz buraxmışdır. Qəzetin məqsədi xalqı elmi biliklərlə tanış etmək, təhsilə, tərəqqiyə və mədəni inkişafa təşviq etmək idi.
Həsən bəy Zərdabi “Əkinçi” vasitəsilə ana dilində yazmağın və danışmağın əhəmiyyətini vurğulayaraq, milli özünüdərkin bünövrəsini qoydu. Qəzet kənd təsərrüfatı, təbiət, maarif, gündəlik həyat və əxlaq mövzularını əhatə etməklə, geniş oxucu kütləsi üçün əlçatan və faydalı informasiya mənbəyinə çevrildi. Cəmi 56 nömrə ilə fəaliyyətini başa vursa da, “Əkinçi” Azərbaycanın maarifçilik tarixində inqilabi bir hadisə kimi yadda qalmışdır.
Zaman keçdikcə milli mətbuatımız müxtəlif mərhələlərdən keçmiş, siyasi və ictimai hadisələrin təsiri altında dəyişmişdir. Lakin hər zaman xalqı maarifləndirmək, milli dəyərləri qorumaq və cəmiyyətin inkişafına dəstək vermək funksiyasını qoruyub saxlamışdır.
Müstəqil Azərbaycan Respublikasında milli mətbuatın inkişafında ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir. Onun hakimiyyəti dövründə mətbuat dövlət səviyyəsində dəstəklənmiş, jurnalistikanın hüquqi və mənəvi əsasları möhkəmləndirilmişdir. Xüsusilə 1998-ci ildə mətbuat üzərində senzuranın ləğvi ölkədə söz və fikir azadlığının təmin olunmasında dönüş nöqtəsi olmuşdur. Heydər Əliyev qeyd edirdi:“Azərbaycanda azad mətbuatın inkişafı demokratik cəmiyyət quruculuğunun əsas şərtlərindən biridir.”
Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Onun dövründə mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, informasiya texnologiyalarının mediaya inteqrasiyası, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması və jurnalistika sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Jurnalistlər üçün yaşayış binalarının inşası, media fondlarının yaradılması və informasiya təhlükəsizliyinin qorunması sahəsində vacib qərarlar qəbul olunmuşdur.
Bütün bunlar Azərbaycanın mətbuat sahəsində müasir, demokratik, açıq və milli maraqlara əsaslanan bir informasiya sisteminin formalaşmasına şərait yaratmışdır.Bu gün biz qürurla deyə bilərik ki, “Əkinçi” qəzetinin maarifçi ruhu, Heydər Əliyevin strateji baxışı və İlham Əliyevin müasir inkişaf yanaşması sayəsində Azərbaycan mətbuatı milli-mənəvi dəyərlərə əsaslanan, vətənpərvərlik ruhunu aşılayan və azərbaycançılıq ideologiyasını yayan mühüm ictimai institutlardan birinə çevrilmişdir.
Məhz bu səbəbdən 22 iyul – Milli Mətbuat Günü təkcə bir qəzetin nəşr tarixi deyil, həm də xalqımızın maariflənməsi, milli kimliyinin formalaşması və söz azadlığının inkişafı yolunda atılmış ilk və ən mühüm addımın rəmzidir.
Maştağa qəsəbəsi,C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbin direktor müavini Elnarə Həsənova

Oxşar xəbərlər