“Əkinçi” ilə başlayan milli mətbuat yolu

“Əkinçi”  ilə başlayan milli mətbuat yolu
Əkinçi qəzetinin yaranması görkəmli maarifçi Həsən bəy Zərdabinin adı ilə bağlıdır. O, qəzetin nəşrinə böyük çətinliklə icazə almış, İstanbuldan ərəb qrafikalı mətbəə şriftləri gətirtmişdir. Qəzetin ilk nömrəsi onun redaktorluğu ilə 1875-ci il iyulun 22-də Bakıda qubernator mətbəəsində nəşr edilir və bununla da milli mətbuatımızın əsası qoyulur.
Ayda iki dəfə 300-400 tirajla nəşr edilirdi. 1876-1877-ci ildə Rusiya-Osmanlı müharibəsi başladığı zaman arxa cəbhədə “türk-tatar” dilində qəzetin mövcudluğundan ehtiyat edən Bakı qubernatoru həmin il sentyabrın 29-da “Əkinçi”nin nəşrinə rəsmən qadağa qoyur.Qəzetin ümumilikdə 56 sayı işıq üzü görür.İlk milli mətbu orqanı olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - iyulun 22-si Azərbaycanda “Mətbuat Günü” kimi qeyd edilir.
Vətənpərvər ziyalı 22 iyul 1875-ci il tarixli ilk sayında oxuculara müraciətlə yazırdı: "...Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu dövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir, deyərlər, zəmanə dəyişilməyi əlbəttə hər anlayan kəsə məlumdur və bu dövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişilməyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər."
Jurnalistika məktəbi hesab edilən "Əkinçi" öz oxucularını dünyada gedən hər cür sosial-iqtisadi, ideya-mənəvi proseslərdən hali etməyə, bununla onları səfərbər olmağa çalışırdı.Əsas məqsədi xalqımızı yeni elmi düşüncə və texnoloji vərdişlərə uyğun maarifləndirmək, həyat və məişətin bütün sahələrində onu digər xalqlarla yanaşı addımlamağa səfərbər etmək olub. Qəzetin 4 noyabr 1875-ci il tarixli 8-ci sayında təəssüf və yanğı ilə göstərilirdi ki, bizdə, Bakıda olan gimnaziyada oxuyan şagirdlərin milli tərkib nisbəti rus, erməni və qeyri xalqların tərəfindədir, yəni azərbaycanlı uşaqların sayı çox azdır. Halbuki azərbaycanlıların sayı burada həmin xalqların nümayəndələrinin sayından qat-qat çox olmalı idi.
"Əkinçi"dən sonrakı illərdə "Kəşkül" "Ziya", "Ziyayi-Qafqaziyyə" kimi anadilli nəşrlər fəaliyyətə başladı. 1895-ci ildə xeyriyyəçi milyonçu Hacı Zeynalabdin Tağıyevin Bakıdakı rus naşirdən alıb milli ziyalılarımızın ixtiyarına verdiyi, Əlimərdan bəy Topçubaşovun redaktor, Həsən bəy Zərdabinin müavin olduğu "Kaspi" qəzeti də Azərbaycan mətbuatının özülünü daha da möhkəmləndirdi.
1903-cü ildən vətənpərvər ziyalı Məhəmmədağa Şahtaxtlının rəhbərliyi ilə çapa başlayan "Şərqi Rus" qəzeti milli oyanış məsələsini iri planda hədəfə aldı. Bununla da milli jurnalıstikamızın çətin, fasilələrlə müşayiət olunan ilk dövrü başa çatdı. 1905-ci ildə başlayan və çar monarxiyasını yeni islahatlara məcbur edən birinci rus inqilabı Azərbaycanda da güclü bir mətbuat dalğası yaratdı. Həmin il milli məfkurə ocağına çevrilən "Həyat" nəşrə başladı. Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev kimi mütəfəkkirlərin redaktorluğu, Həsən bəy Zərdabinin tövsiyəsi, Zeynalabdin Tağıyevin himayəsi altında bir ilə yaxın işıq üzü görən bu qəzeti "Füyuzat" jurnalı əvəz etdi. "İrşad", "Tazə həyat", "Təkamül", "Həqiqət", "Açıq söz" və başqaları mətbuatımızın sıralarına qoşuldu. 1906-cı ildən başlayaraq 25 il nəşr edilən "Molla Nəsrəddin" jurnalı isə bütöv bir ədəbi-mətbu cərəyana çevrildi.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı kimi nəşrə başlayan "Azərbaycan" qəzeti milli demokratik jurnalistikamızın zirvəsini təşkil edir.
1920-ci ildə Azərbaycanın sovetləşməsi ilə "partiya-sovet mətbuatı" adı ilə tarixə düşən 70 illik kommunist jurnalistikası dövrü gəldi.Milli mətbuatımızda 1988-ci ildə başlayan xalq hərəkatı zəminində yeni mütərəqqi bir dövr başladı. 1991-ci ildə dövlət müstəqilliyimizin elan olunması ilə yeni demokratik jurnalistika vətəndaşlıq hüququ qazandı, lakin suverenliyin ilk illərində ölkəmizin üzləşdiyi, yaşadığı çətinlik və faciələr mətbuatımızdan da yan keçmədi.Cəmiyyətdə mətbuatın rolunu yüksək dəyərləndirən ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda milli mətbuatın inkişafı üçün geniş imkanlar yaradıldı.1998-ci ildə senzuranın ləğvi müasir mətbuatımızın tarixində ən əlamətdar hadisədir.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev də azad mətbuatın inkişafını demokratik cəmiyyət quruculuğunda jurnalistlərin fəaliyyətini daim dəstəkləyir. Azad mətbuatın mövcudluğu ölkəmizin demokratik inkişafı üçün ən başlıca şərtlərdən biridir.

Sabunçu rayonu , 96 nömrəli tam orta məktəbin tarix müəllimi Əzizzadə Nəzakət

Oxşar xəbərlər