İrəvanda “60 kənd boşaldılır” panikası

İrəvanda “60 kənd boşaldılır” panikası Ermənilər həyəcanla deyirlər ki, liderlər Əbu-Dabidə 300 min azərbaycanlının mərhələli şəkildə qaytarılmasına razılaşıblar; Zəngəzur dəhlizi açılan kimi proses başlana bilərmi?
Ermənistanın “168.am” nəşri Əbu-Dabidə baş tutan İlham Əliyev-Nikol Paşinyan görüşü haqda sensasion iddia ilə çıxış edib. Nəşr Ermənistan parlamentinin keçmiş üzvü Naira Zöhrabyana istinadən yazıb ki, Əliyev və Paşinyan Əbu-Dabidə 300 min azərbaycanlının mərhələli şəkildə Ermənistana qaytarılması barədə razılığa gəliblər.

Bu mövzuda erməni politoloq Artur Xaçikyan isə qeyd edib ki, azərbaycanlıları Ermənistanda yerləşdirmək üçün ən azı 60 kənd lazımdır. Onun sözlərinə görə, Ermənistanda bu qədər boş kəndin olduğu məlum deyil: “İkincisi, bu adamlar Ermənistanda mülk sahibi olacaqlar və keçmişdəki mülklərini də tələb etməyə başlayacaqlar. Ardından Zəngəzur dəhlizi açılacaq və bununla da Azərbaycanın sərbəst hərəkəti start götürəcək”.

Erməni nəşri yada salır ki, bundan öncə Ermənistan parlamentinin sədri Alen Simonyan 300 min azərbaycanlının qayıdışını mümkün hesab edib: “Gürcüstanda ermənilər necə yaşayırsa, azərbaycanlılar da burada, bizim torpağımızda yaşayacaqlar. Onlar yerləşəcəklər və bu qədər”.

Başqa bir erməni nəşri “Fakt” isə yazıb ki, “2 milyona yaxın əhalinin olduğu ölkədə 300 min azərbaycanlı ciddi təhlükədir”.

İrəvanda belə bir həyəcan və panikanın hiss olunduğu vaxtda, Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçılarına məktubunda bu sitatı xatırlamaq yerinə düşər: “Xüsusi olaraq vurğulamaq istərdim ki, qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir. Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir. İnanırıq ki, qərbi azərbaycanlılar təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdacaq və bölgədə davamlı sülh bərqərar olacaqdır”.

Qeyd edək ki, 1918-1991-ci illər arasında üç dalğa üzrə həyata keçirilmiş etnik təmizləmə nəticəsində azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi faktı indi beynəlxalq hüququn predmetinə çevrilməkdədir. Qarabağın işğaldan qurtuluşundan sonra Qərbi Azərbaycana qayıdış mövzusu daha çox aktuallaşıb. İşğal probleminə görə bu məsələ bir o qədər də gündəmdə deyildi. 44 günlük müharibənin yaratdığı reallıqlar bölgədə yeni bir mənzərəyə səbəb olub. Hazırda dəhlizin açılması, qayıdışın təminatı kimi Ermənistanın öhdəlikləri var.

Ancaq bu necə baş verə bilər? Ermənilərin isterikası əsaslıdırmı? Hazırda Qərbi Zəngəzura qayıdış üçün bütün imkanlar varmı? Çünki söhbət əsrlərlə düşmən olan iki xalqın birgəyaşayışından gedir. Eyni zamanda bu məsələdə ermənilərin də Qarabağa qayıdışı sinxronluq təşkil edir. Bu mənada proses necə inkişaf edə bilər?

Üstəlik, o dövrdə 24 rayonda azərbaycanlılar yaşayırdı. Ermənistan dövlətinin indi 300 min nəfəri məskunlaşdırmaq üçün potensialı olmalıdır. Həmçinin təhlükəsizliyin təminatı ən mühüm məsələdir. Çünki birgəyaşayış dönəmində tez-tez konfliktlər meydana çıxa, gərginliklər yarana bilər. Bu da bölgədə sülhməramlı, yaxud Azərbaycanla Ermənistanın birgə patrul xidmətini aktuallaşdıra bilər. Ona görə də suallar və qeyri-müəyyənliklər çoxdur.

Qərbi azərbaycanlı siyasi ekspert Züriyə Qarayeva “Yeni Müsavat”a bildirib ki, bəli, Zəngəzurda bu barədə tez-tez danışırlar, ermənilər azərbaycanlıların qayıdacağını gözləyirlər: “Onlar yaxşı bilirlər ki, Qərbi Zəngəzurda demoqrafik üstünlük azərbaycanlılara keçəcək. Ona görə indidən narahatdırlar. Amma paralel şəkildə təbliğat aparılır ki, guya Azərbaycan Ordusu bölgəyə daxil olacaq. Bu, əhalidə qorxu yaratmaqdır. Cənab Prezident bəyan edib ki, ora tanklarla deyil, avtobuslarla qayıdacağıq”.

Z.Qarayeva qeyd edib ki, Qərbi Zəngəzura qayıdış böyük bir konsepsiyadır və Ermənistan azərbaycanlıların yurd-yuvasına dönüşünü təmin etməlidir. Onun fikrincə, buna qədər isə Zəngəzur dəhlizinin açılması reallaşmalıdır: “Hazırda koridorun hansı rejimdə və nəzarət altında fəaliyyət göstərməsi müzakirə edilir. Ermənistan əvvəllər bu məsələdən yayınırdı. İndi heç olmasa müzakirəsi gedir. Əbu-Dabi danışıqlarında masadakı əsas mövzulardan biri də bu olub. O baxımdan, əvvəlcə dəhliz işə düşməli, sonra qayıdış müzakirə olunmalıdır. Şübhəsiz ki, zaman tələb edən prosesdir. Nəzərə alaq ki, bunun siyasi tərəfi ilə yanaşı digər aspektləri də var. Yəni birgəyaşayışa hazır olmaq, idarəçilik modeli, işlə təminat, qərbi azərbaycanlıların Ermənistanda seçkilərdə iştirakdan tutmuş digər məsələlərə qədər. Hər bir halda, Ermənistanda panika var və günün birində qayıdışın olacağını başa düşürlər. Çünki bizim haqqımızdır”.

Siyasi təhlilçi İlyas Hüseynov da hesab edir ki, Azərbaycanın gündəliyində ata-baba yurdlarından qovulmuş qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı prioritet məsələ olaraq qalır. Onun qənaətinə görə, sülh danışıqları zamanı qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı məsələsinin də gündəmə gətiriləcəyi istisna olunmur: “Əvvəllər bu məsələ əsasən Qarabağa ermənilərin qayıdışı kontekstində qarşı tərəfin diqqətinə çatdırılırdı. Lakin bu gün Qərbi Azərbaycan ideyası və qərbi azərbaycanlıların qayıdışı tezisi getdikcə daha da aktuallaşır. Son olaraq, İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən zirvə toplantısında cənab Prezidentin proqram xarakterli çıxışı zamanı da qərbi azərbaycanlıların hüquqları məsələsinə xüsusi diqqət yetirilməsi bunu bir daha göstərdi. Bu, onu deməyə əsas verir ki, qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı Azərbaycanın siyasi gündəliyində mühüm yer tutur və bu məsələnin əhəmiyyəti getdikcə artır. Qarşıdakı dövrdə Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi baxımından qərbi azərbaycanlıların hüquqlarının və onların təhlükəsiz, ləyaqətli şəkildə geri qayıdışının Ermənistan tərəfindən təmin olunması məsələsi müzakirə predmetinə çevrilə bilər”.

Oxşar xəbərlər