Milli Mətbuatımızın 150 ili: Tarixdən Zəfərə Uzanan Sözün Yolu

Milli Mətbuatımızın 150 ili: Tarixdən Zəfərə Uzanan Sözün Yolu
2025-ci il Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyinin qeyd olunduğu bir dövrdür. Bu əlamətdar yubiley, təkcə qəzetçilik tariximizin bir mərhələsini deyil, həm də Azərbaycanın müstəqilliyi və informasiya suverenliyi uğrunda keçdiyi mübarizə yolunu əks etdirir. Bu əlamətdar tarix yalnız bir peşənin deyil, xalqın maariflənməsi, milli kimlik axtarışı və dövlətçilik ideyalarının yayılması yolunda yarım əsrdən çox davam edən möhtəşəm bir yürüşün təntənəsidir. 150 illik bu yolun başlanğıcı isə böyük maarifçi Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə qoyuldu. Lakin bu tarix təkcə qəzet çapından ibarət deyildi – bu tarixdə qurban verilmiş canlar, müstəqillik uğrunda çəkilən əzablar, və dövlət tərəfindən milli sözə göstərilən ali dəyər var.
1875-ci ildə Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşr olunan “Əkinçi” qəzeti ilə təməli qoyulan milli mətbuatımız bu gün güclü və dinamik bir informasiya sisteminə çevrilmişdir. Bu dönüş nöqtəsində, həm dövlətçilik ideallarına, həm də şəhid jurnalistlərimizin fədakarlığına ehtiramla yanaşmaq zəruridir. “Əkinçi” qəzetinin nəşri ilə Azərbaycan mətbuatında maarifçilik, milli oyanış və ictimai müzakirə ənənələri başlamışdır. Həsən bəy Zərdabi yalnız jurnalist deyildi – o, xalqın düşüncəsini oyadan, cəmiyyətin inkişafına yol göstərən ziyalı idi. Onun irsi, sonrakı dövrdə maarifçi və milli düşüncəli mətbuatın formalaşmasında mühüm rol oynamışdır. “Kəşkül”, “Ziya”, “Kaspi”, “Molla Nəsrəddin” kimi nəşrlər bu xəttin davamçıları oldu. Azərbaycan mətbuatı XX əsrdə iki dəfə müstəqillik şəraitində fəaliyyət göstərmək imkanı əldə etdi. Lakin xüsusilə 1990-cı illərin əvvəllərində – Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı jurnalistlər təkcə qələm adamı deyil, həm də informasiya cəbhəsinin döyüşçüləri oldular.
Şəhid jurnalistlərimiz – Salatın Əsgərova, Ali Mustafayev, Çingiz Mustafayev, Osman Mirzəyev və başqaları – münaqişə bölgələrindən ölkə və dünya ictimaiyyətinə gerçək məlumatları çatdırmaq üçün həyatlarını qurban verdilər. Onların şəhidliyi mətbuatın Vətənə xidmətin bir forması olduğunu göstərdi. Salatın Əsgərova bir qadın olaraq kişi cəbhəsində sözlə döyüşdü, qəhrəmancasına həlak oldu. Çingiz Mustafayevin Xocalı soyqırımının dəhşətli kadrlarını lentə alması tarixə şahidlik nümunəsidir.
Ümummilli lider Heydər Əliyev Azərbaycan mətbuatının demokratikləşməsi və peşəkarlığının artırılması istiqamətində əhəmiyyətli addımlar atmışdır. O, mətbuat azadlığının cəmiyyətin inkişafında mühüm rol oynadığını dönə-dönə vurğulamış və 1998-ci ildə senzuranın ləğvi ilə bu prinsipial mövqeyini praktik addımlarla təsdiqləmişdir. O demişdir:
“Müstəqil mətbuat müstəqil dövlətin əsas sütunlarından biridir.”
Heydər Əliyev dövründə jurnalistlərə dövlət qayğısı artmış, onlar cəmiyyətin önəmli təbəqəsi kimi qiymətləndirilmişdir.
Prezident İlham Əliyev mətbuatın cəmiyyət həyatındakı rolunu daha da gücləndirmiş, yeni texnologiyaların tətbiqi, internet medianın inkişafı və jurnalistlərin sosial təminatı sahəsində çoxsaylı təşəbbüslərlə çıxış etmişdir. Onun imzaladığı sərəncamlarla jurnalistlər üçün yaşayış komplekslərinin tikilməsi, Azərbaycan mediasının rəqəmsal müstəviyə keçidi üçün dövlət dəstəyi önəmli mərhələlərdir.
İlham Əliyev şəhid jurnalistlərin xatirəsini dəfələrlə anaraq onların qəhrəmanlığını dövlət səviyyəsində tanımışdır. Xüsusilə 2020-ci ildə Vətən müharibəsi dövründə şəhid olan Azərtac əməkdaşı Məhərrəm İbrahimov və AzTV əməkdaşı Sirac Abışovun xatirəsi yüksək səviyyədə yad edilmiş, onların fədakarlığı Azərbaycan jurnalistikasının şərəf lövhəsinə yazılmışdır.
Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi təkcə bir peşənin deyil, həm də bir milli ideologiyanın, xalq düşüncəsinin və tarix yaddaşının bayramıdır. Bu gün milli mətbuat təkcə informasiya daşıyıcısı deyil, milli təhlükəsizlik, suverenlik və mədəni irsin qoruyucusudur. Bu yubiley bizi həm tarixi dəyərlərimizə, həm də şəhid jurnalistlərimizin əziz xatirəsinə sahib çıxmağa səsləyir.

Həsən Xələfov
Bakı şəhər 28 nömrəli tam orta məktəbin Tarix müəllimi

Oxşar xəbərlər