
Qubadlı – qəhrəmanlıq və yenidən dirçəlişin simvolu 25 oktyabr Azərbaycan xalqı üçün xüsusi önəm daşıyan tarixdir. Məhz bu gün, 2020- ci ildə Qubadlı şəhəri Müzəffər Ali Baş Komandan cənab prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən işğaldan azad edilmişdir. Cənab prezident İlham Əliyevin dediyi kimi: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.” Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Uzun illər ərzində düşmən tərəfindən işğal altında qalan bu qədim diyar erməni vandalları tərəfindən dağıdılmış, kəndlər viran edilmiş, tarixi abidələrimiz məhv edilmişdi. Rəsmi İrəvanın qanunsuz məskunlaşma siyasəti nəticəsində Qubadlının təbii və tarixi siması dəyişdirilməyə çalışılmışdı. Lakin 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu igidliyi, xalqımızın birliyi və dövlətimizin siyasi iradəsi sayəsində Qubadlı tamamilə azad olundu. Bu zəfər təkcə torpaqlarımızın geri alınması deyil, həm də ədalətin, milli qürurumuzun bərpası idi. Azadlıqdan sonra Qubadlının yeni inkişaf tarixi başlandı. Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda geniş quruculuq və bərpa işləri aparılır, yeni yollar, məktəblər, infrastruktur layihələri həyata keçirilir. 23 dekabr 2020-ci ildə cənab prezident İlham Əliyevin Qubadlıya səfəri zamanı ucaldılan Azərbaycan bayrağı bu torpaqlarda əbədi azadlığın və suverenliyin rəmzinə çevrildi. Bu gün Qubadlıya həyat qayıdır. Doğma yurduna dönən insanlar evlərini, kəndlərini, torpaqlarını sevgi ilə bərpa edirlər. Qubadlı şəhəri günü – 25 oktyabr, artıq təkcə bir tarix deyil, həm də milli qürur və qələbə simvoludur.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynura Səfərova