Son günlər Bakıda küləkli hava şəraiti müşahidə olunur. Temperaturun enməsi ilə müşayiət edilən güclü külək paytaxt sakinlərinin gündəlik həyatına təsirsiz ötüşmür. Xüsusilə səhər və axşam saatlarında dəyişkən hava şəraiti müşahidə olunur.“Küləklər şəhəri”ndə bu cür hava adi qarşılansa da, mütəxəssislər bildirirlər ki, güclü külək və temperatur dəyişkənliyi bəzi insanlarda narahatlıqlara səbəb ola bilər.
Bəs küləkli hava insan orqanizminə necə təsir edir və belə günlərdə kimlər daha diqqətli olmalıdır?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan həkim-allerqoloq Şahvələd Məmmədov deyib ki, güclü külək meteohəssas insanların səhhətində problemləri artıra bilər:
“Hazırda yaz fəslini yaşasaq da, hava şəraitinin bəzən iqlim normalarına uyğun olmadığını həm Bakıda, həm də bölgələrdə müşahidə edirik.
Küləkli havanın insan orqanizminə təsirinə gəlincə, bu cür hava şəraiti xüsusilə meteohəssas insanlar üçün müəyyən narahatlıq yarada bilər. Arterial hipertenziyadan, ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər, eləcə də allergiyası olan insanlar belə havalarda daha diqqətli olmalıdırlar.
Çünki güclü külək bitki tozcuqlarının və toz hissəciklərinin havada daha geniş yayılmasına səbəb olur. Bu isə allergiyası olan şəxslərdə xəstəliyin kəskinləşməsinə gətirib çıxara bilər”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə qeyd edib ki, küləkli havada qorunmamaq yuxarı tənəffüs yollarını həssaslaşdırır və infeksiyalara yoluxma riskini artırır:
“Son günlər müşahidə olunan küləkli hava temperaturun enməsi ilə müşayiət olunur. Belə havalarda gündüz saatlarında nisbi istilik olsa da, geyim formasını düzgün seçməyən insanlar soyuqlaya bilirlər. Son vaxtlar burun axması, soyuqdəymə və öskürək kimi halların artması da bununla əlaqələndirilə bilər. Bu səbəbdən insanlar daha diqqətli olmalıdırlar.
Bəzən insanlar müəyyən səbəblərdən küləkli havada uzun müddət açıq havada qalmalı olurlar. Bu isə onların səhhətinə mənfi təsir göstərə bilər. Ona görə də hər gün hava proqnozuna diqqət etmək, havaya uyğun geyinmək və ehtiyac olduqda əlavə üst geyimi götürmək məqsədəuyğundur. İlk növbədə geyim forması mövcud hava şəraitinə və situasiyaya uyğun seçilməlidir. Bu, çox vacib məsələdir.
Çox vaxt başı açıq halda soyuq və küləkli havada qalmaq yuxarı tənəffüs yollarında müxtəlif virus və infeksiyaların fəallaşmasına səbəb olur. Nəticədə insan qripə və digər respirator infeksiyalara daha asan yoluxa bilir. Soyuq hava immun sistemini zəiflədə bilər və bu zaman soyuqdəymə halları daha tez-tez baş qaldırır”.