
Tarixi zəfərdən sonrakı dövr ərzində ölkə Prezidentinin müvafiq tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə start verilmişdir. Erməni vandalları 30 illik işğal dövründə şəhər və kəndlərimizi, tarixi mədəniyyət abidələrimizi məhv etmiş, dövlətimizə ciddi maddi və mənəvi ziyan vurmuşdur. Bu gün Azərbaycan dövləti tək başına, daxili maliyyə vəsaitləri hesabına işğaldan azad olunmuş şəhər və kəndlərimizin bərpa işlərini uğurla davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə o cümlədən Laşın rayonunda geniş miqyaslı tikinti quruculuq işləri bu gündə uğurla davam etdirilir və Böyük Qayıdışın növbəti mərhələsi olan Laçına qayıdış, artıq başlanıb. 2023-cü ilin mayın 28-dən başlayan qayıdış prosesində artıq 1000-dən çox sakin öz doğma evlərinə qovuşmuşdur. Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 avqust “Laçın Şəhəri Günü” elan edilib. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Laçın rayonuna hər bir səfəri, səfər zamanı rayon sakinləri ilə səmimi görüşləri hər birimizi çox qürurlandırır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Laçın rayonunda bütün infrastruktur layihələri uğurla reallaşdırılır. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
Süsən Qulamova-187 nömrəli orta məktəbin müəllimi