2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edilib

2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edilib
İllərlə erməni qəsbkarlarının işğal altında saxladığı gözəl guşələrimizdən biridə Qubadlı rayonudur. Qubadlı dəfələrlə Ermənistan işğalçı qüvvələrinin hücumlarına məruz qalıb. Bu dövrdə bütövlükdə Zəngəzurun digər əraziləri ilə birlikdə Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutulmuşdur. Bununla belə çətinlik və əzablara baxmayaraq, erməni qoşunları torpağımızdan qovulmuşdur. Lakin Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və nəticədə minlərlə rayon sakini evlərindən didərgin düşmüşdür.
Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində inşa olunan ilk dünyəvi məktəbin yaşı bir əsrdən artıqdır. Bu rayon Qarabağ yaylasının cənub-şərqində, Həkəri və Bərgüşad çayları hövzəsində yerləşir. Qərbdən Ermənistanla (120 kilometr), şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl rayonları ilə həmsərhəddir. İşğaldan əvvəl rayon əhalisi 94 kənd və bir şəhərdə məskunlaşmışdı. Rayonun əhalisi, əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olub. Erməni silahlı birləşmələri 1988-ci ildən başlayaraq Ermənistan (120 km) və Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hucumlara başlayıb, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam edib. Erməni silahlı dəstələri mütəmadi olaraq yaşayış məskənlərimizi atəşə tutur, əhaliyə qarşı əsl terror aktları və qətllər törədirdilər. Onların məqsədi Qubadlı əhalisini köçürmək, ərazisini Ermənistana birləşdirmək idi. 1993-cü ilin avqust ayının sonunadək davam edən müharibə zamanı Qubadlı rayonunda 238 nəfər şəhid olub, onlardan 9 nəfəri Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb. İşğal nəticəsində 30 mindən çox Qubadlı sakini yurd-yuvasını tərk etmək məcburiyyətində qalaraq Bakı, Sumqayıt şəhərləri ilə bərabər, respublikanın 42 rayonunda müvəqqəti olaraq məskunlaşıb. İşğal zamanı qadın və uşaqlar daxil olmaqla, çoxlu sayda dinc sakin öldürülüb, əsir götürülüb, bir çoxlarından isə bu günə qədər heç bir məlumat yoxdur.
2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edilib. Hazırda Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında digər azad olunmuş ərazilərimizdə olduğu kimi, Qubadlı rayonunda da böyük abadlıq-quruculuq işləri həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən Qubadlı rayonunun tarixi-dini abidələri də sürətlə bərpa olunur. Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun şücaəti sayəsində işğal edilmiş torpaqlarımız erməni təcavüzündən xilas oldu və bununla da erməni vandalizminə son qoyuldu. Bu gün artıq Azərbaycanda yeni inkişaf dövrü başlanıb. Bununla da işğaldan azad edilmiş ərazilərimizdə dağıdılmış bütün sosial infrastruktur, ən əsası da tarixi-mədəni abidələrimiz yenidən qurulacaq.

Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
Direktor-müavini Asiman Paşayev


Oxşar xəbərlər