Qubadlı – Azadlığa qovuşan doğma torpaq

Qubadlı – Azadlığa qovuşan doğma torpaq
2020-ci ilin 25 oktyabr tarixi Azərbaycan xalqı üçün unudulmaz bir gün oldu. Həmin gün şanlı Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad etdi. Bu təkcə hərbi uğur deyil, həm də ədalətin zəfəri idi. Ulu Öndər Heydər Əliyevin ideyalarının davamçısı, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu Qələbə Ulu Öndər Heydər Əliyevin “Qarabağ Azərbaycandır!” prinsipinə sadiqliyin və onun siyasi kursunun məntiqi nəticəsidir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlının işğaldan azad edilməsi münasibəti ilə bildirmişdi: “Qubadlıya öz sahibləri qayıtdı. Qubadlının işğaldan azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Bu sözlər xalqın qürur və sevinc hissini ifadə edirdi.
Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Ərazisinin strateji mövqeyi, təbii sərvətləri və təbiət gözəllikləri ilə seçilən bu rayon uzun illər ərzində düşmən tapdağında qalmışdı. İşğal dövründə Ermənistan tərəfindən Qubadlıda qanunsuz məskunlaşma siyasəti aparılmış, bu da beynəlxalq hüququn kobud şəkildə pozulması demək idi. Lakin 44 günlük Vətən müharibəsi zamanı cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qəhrəman oğulları, böyük şücaət göstərərək Qubadlı rayonunu tamamilə işğaldan azad etdilər. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpası və regional təhlükəsizliyin təmin olunması baxımından mühüm addım idi. Qubadlının azad edilməsi həm də digər işğal altında olan ərazilərin xilası üçün yol açdı.
Qələbədən sonra rayonda yeni inkişaf mərhələsi başladı. Dövlət tərəfindən genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verildi. Bu Qubadlının yenidən dirçəlməsi və sakinlərin öz doğma yurdlarına qayıtması üçün böyük ümid yaratdı.
2020-ci il dekabrın 23-də cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qubadlıya səfəri isə bu zəfərin rəmzinə çevrildi. Həmin gün Qubadlıda Azərbaycan bayrağı ucaldıldı. Bu hadisə xalqımızın birliyini, ordumuzun gücünü, torpağa bağlılığımızı və Azərbaycanın müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bir daha sübut etdi.
Qeyd etmək lazımdır ki, Qubadlının azad olunması təkcə ərazi baxımından deyil, həm də mənəvi və siyasi cəhətdən Azərbaycanın gücünü dünyaya göstərdi. Bu zəfər hər bir azərbaycanlının yaddaşında əbədi yaşayacaq! Qubadlı bizimdir! Qarabağ Azərbaycandır!

Zabrat qəsəbəsi, 71№li tam orta məktəbin psixoloqu,
Azərbaycan dili və ədəbiyyat müəllimi Turanə İmaməliyeva

Oxşar xəbərlər