Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi

Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi
Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyarın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin həri birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə şəhərə hakim olan yüksəkliklər götürüldü. Ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər. Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Qubadlının şərqindəki Cəbrayılda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubdakı Zəngilanda aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratmışdı. Peşəkarlıqla və dəqiq döyüş taktikaları ilə aparılan hərbi əməliyyatlar zamanı Qubadlı şəhəri və kəndləri işğaldan azad edilib. Prezident İlham Əliyev Qubadlı azad olunduqdan sonra rayona bir neçə dəfə səfər edib. Qubadlıda Azərbaycan Bayrağını ucaldan və şəhərin azad olunmasının önəmindən danışan dövlət başçısı deyib: “Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu”.
2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb. Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayon və bölgələrə etdiyi hər bir səfəri bir tarixi hadisədir və bu səfərlər zamanı həmin bölgələrin inkişafının, tərəqqisinin təməli qoyulur.Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş digər ərazilərə olduğu kimi, Qubadlıya səfərləri də bir çox önəmli təməlqoyma və açılış tədbirləri ilə əlamətdar olması bir daha həmin rayon və bölgələrdə bərpa və yenidənqurma işlərinin böyük vüsətlə həyata keçirildiyindən xəbər verir. Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya mütəmadi səfərləri bu rayonun ölkə başçısının diqqətində olmasının təzahürüdür.İşğaldan azad olunan rayonlarımız, o cümlədən Qubadlı qurulduqdan və insanlar oraya köçürüldükdən sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq, biz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurlara imza atacağıq. Hazırda qalib Azərbaycan ordusu azad Vətən torpaqlarının keşiyində dayanır. Vətəni müdafiə edən əsgər və zabitlərimiz üçün müasir tələblərə cavab verən hərbi hissələr, silah-sursatla təminat və gündəlik təminat yüksək səviyyədə təşkil edilib. Artıq dörd ildir azad olan Qubadlıda həyat yenidən canlanır. Düşməndən təmizlənən ərazidə dövlətimiz tərəfindən bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Şərqi Zəngəzurun qərb hüdudu olan Qubadlıda tikinti işləri plan üzrə aparılır.
Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı da təsis olunub.Prezident İlham Əliyevin Sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncama əsasən, 25 oktyabr – Qubadlı şəhəri günü kimi təsis edilib.

Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Gülüstan Allahverdiyeva


Oxşar xəbərlər