Dövlət başçılarının qarşılıqlı səfərləri ölkələr arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Xarici siyasətində daim ikitərəfli əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar davamlıdır. Bunun üçün cari ilin ötən dövründə Prezident İlham Əliyevin xarici ölkələrə, həmçinin bu və ya digər dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə, keçirilən beynəlxalq tədbirlər çərçivəsində liderlərin görüşlərinə diqqət yetirmək kifayətdir. Tarixi Zəfərimizin, suverenliyimizin bərpası fonunda Azərbaycanın dünyaya təqdim etdiyi sülh modeli bu əlaqələrin inkişafında mühüm rol oynayan əsas amillərdəndir.Son 30 ildən artıq müddətdə Azərbaycan və Ukrayna arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər digər sahələrində inkişafına təkan verir və münasibətlərimizin məzmunca zənginləşməsinə zəmin yaradır. Azərbaycan-Ukrayna əlaqələri ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz daim bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər. Ümumiyyətlə, Azərbaycan ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrdə humanitar sahənin inkişafına öz töhfəsini verir. Bu, Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətindən irəli gəlir. 30 ildən artıq müddətdə Ermənistanın hərbi təcavüzünün yaratdığı humanitar fəlakətin ağrı-acılarını yaşamış Azərbaycan münaqişədən əziyyət çəkən regionlara, xalqlara həmişə humanitar dəstək verir. Bu humanitar dəstək bir neçə formada özünü göstərir. Bunlardan biri Ukraynadan olan uşaqların reabilitasiya proqramlarının həyata keçirilməsidir. Yaxın vaxtlara kimi özü bu problemi yaşamış Azərbaycan yaxşı bilir ki, müharibənin ilk psixoloji travmasını uşaqlar alır. Buna görə də mütəmadi əsasda ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası həyata keçirilir. Yaxın vaxtlarda ukraynalı tələbələrin Azərbaycanda reabilitasiya proqramı həyata keçiriləcək.
Azərbaycan və Ukrayna Prezidentlərinin aprelin 25-də Qəbələdə keçirilən təkbətək və geniş tərkibdə görüşlərində, dövlət başçılarının mətbuata birgə bəyanatlarında bu məqamlara xüsusi diqqət yönəldildi. Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən Volodimir Zelenski bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə, həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulandı.
Nəbi Hacıyev – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi