2020-ci il Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun şücaəti nəticəsində 25 oktyabrda Qubadlı şəhəri işğaldan azad edildi

2020-ci il  Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun şücaəti nəticəsində 25 oktyabrda Qubadlı şəhəri işğaldan azad edildi
25 Oktyabr Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik günlərdən biridir. Bu gün “Qubadlı Şəhəri Günü” kimi qeyd olunur və xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən birini təcəssüm etdirir.
Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Bu müddət ərzində rayonun şəhəri və kəndləri dağıdılmış, tarixi, dini və mədəni abidələrə qarşı vandallıq törədilmişdi. Təbiətə qarşı ekoloji terror həyata keçirilmiş, nadir flora və fauna məhv edilmişdi.
Lakin 2020-ci il Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun şücaəti nəticəsində 25 oktyabrda Qubadlı şəhəri işğaldan azad edildi. Bu hadisə təkcə hərbi uğur deyil, həm də milli qürur və birliyin simvolu oldu.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 25 oktyabr – Qubadlı Şəhəri Günü kimi təsis edildi. Bu qərar, azad edilmiş torpaqların tarixi əhəmiyyətini və xalqımızın mübariz ruhunu bir daha vurğuladı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlı rayonuna etdiyi səfərlər Azərbaycan tarixində mühüm hadisələrdən biri kimi yadda qalıb. Bu səfərlər həm siyasi, həm də simvolik baxımdan böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il oktyabrın 19-da Qubadlı və Cəbrayıl rayonlarına səfər ediblər. Bu səfər zamanı bir sıra mühüm layihələrin açılışı və təqdimatı həyata keçirilib.
Bu səfər, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin dövlət başçısı səviyyəsində nəzarətdə saxlanıldığını göstərir. Eyni zamanda, Qubadlıya dönüşün rəmzi olaraq xalqın qələbə ruhunu və torpağa bağlılığını əks etdirir.
Qubadlı rayonu həm Birinci Qarabağ Müharibəsində, həm də 2020-ci il Vətən Müharibəsində böyük itkilər verib. Onlarla şəhid, yüzlərlə qazimiz bu torpaqlar uğrunda canından keçib. Qubadlıdan olan 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Hazırda Qubadlıda genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Şəhərin infrastrukturu, sosial obyektləri və yaşayış sahələri müasir standartlara uyğun şəkildə qurulur. Bu, Qubadlının yeni həyatına başlamaq üçün atılan mühüm addımdır.
Bu addımlar Qubadlı şəhərinin azadlığı və onun əhəmiyyətini vurğulamaqla yanaşı, xalqımızın tarixə yazdığı qəhrəmanlıq səhifəsini də əks etdirir.

Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Kəmalə Qaragözova

Oxşar xəbərlər