Bu əməkdaşlığın güclü siyasi təməli var

Bu əməkdaşlığın güclü siyasi təməli var
Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 25-də Azərbaycanda işgüzar səfərdə olub.
Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra liderlər mətbuata birgə bəyanat veriblər.
Prezident İlham Əliyev bildirib ki, son dörd il ərzində bu, Ukrayna və Azərbaycan prezidentlərinin yeddinci görüşüdür.
“2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir” – deyə Azərbaycan Prezidenti bildirib.
Dövlətimizin başçısı müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd edib. Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir: “Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var”.
Görüşdə hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb və burada da çox böyük perspektivlər var.
Azərbaycan Prezidenti qeyd edib ki, həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var: “Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik”.
İki ölkə arasında təmasların detallarına toxunan Azərbaycan Prezidenti xatırladıb ki, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, - sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, - gözəl göstəricidir. “Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır” – deyə, Prezident İlham Əliyev bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası və Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupu platformaları vacib rol oynayır.
Azərbaycan-Ukrayna əlaqələri ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər.
Buna qədər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynaya 14 yanvar 2022-ci ildə işgüzar səfər etmişdir.
Ukrayna Prezidenti Volodimir Zelenski 16-17 dekabr 2019-ci ildə Azərbaycana rəsmi səfər etmişdir.
Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1995 –ci ildən fəaliyyət göstərir.
16 yanvar 2020-ci ildə Ali Radada Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə deputat qrupu yaradılmışdır. Ukrayna tərəfdən qrupun həmrəhbərləri – Valeri Kolyuxa və Vladimir Kreydenko. Qrupun 48 üzvü vardır.
Bu günədək iki ölkə arasında 162 sənəd imzalanmışdır.


Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta ümumtəhsil
məktəbinin direktoru Gültəkin Rüstəmova



Oxşar xəbərlər