Zəngilan bu gün azad, abad və gələcəyə inamla baxan bir Azərbaycan şəhəridir

Zəngilan bu gün azad, abad və gələcəyə inamla baxan bir Azərbaycan şəhəridir
20 Oktyabr – Zəngilan Şəhəri Günü Azərbaycanın ən qədim və gözəl guşələrindən biri olan Zəngilan ölkəmizin tarixində xüsusi yer tutur. Qədim abidələri, təbiəti və strateji mövqeyi ilə seçilən bu diyar 20 oktyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. Bu gün Zəngilanın azadlığı xalqımızın milli qürurunun, birliyinin və dövlətimizin gücünün simvoluna çevrilmişdir. Zəngilan Azərbaycanın ayrılmaz hissəsidir və əsrlər boyu bu torpaqda azərbaycanlılar yaşamış, zəngin mədəniyyət və mənəvi dəyərlər yaratmışlar. Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılan inzibati bölgülər nəticəsində bu torpaqlar uzun illər ərzində müxtəlif çətinliklər yaşamış, 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdir. İşğal dövründə məscidlər, qəbiristanlıqlar, tarixi abidələr dağıdılmış, mədəni irsimizə ağır zərbə vurulmuşdur. Zəngilan torpağında XVII–XIX əsrlərə aid İmam Hüseyn məscidi, Muşlan, Malatkeşin, Rəzdərə və Qırıq Muşlan kəndlərindəki məscidlər, eləcə də Xanazor və Yeməzli kəndlərindəki alban kilsələri xalqımızın çoxəsrlik tarixinin canlı şahidləridir.
Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycanın ərazi bütövlüyünün qorunmasını dövlət siyasətinin əsas istiqaməti kimi müəyyən etmişdi. Onun müəyyənləşdirdiyi bu yol bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2020-ci ildə Müzəffər Ordumuzun Zəngilanı işğaldan azad etməsi bu siyasətin təntənəsidir. Cənab prezident İlham Əliyevin 2020–2022-ci illərdə Zəngilana etdiyi səfərlər zamanı bir sıra mühüm layihələr həyata keçirilmişdir: • “Ağıllı kənd” layihəsi – Zəngilanın Ağalı kəndində müasir kənd təsərrüfatı və yaşayış modelinin qurulması; • Zəngilan Beynəlxalq Hava Limanı – bölgənin beynəlxalq nəqliyyat qovşağına çevrilməsi; • Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu və “Dost Aqropark” – iqtisadi inkişafın yeni mərhələsi; • Zəngilan şəhər məscidinin Heydər Əliyev Fondu tərəfindən bərpası – milli-mənəvi dəyərlərin yenidən dirçəlişi. Bu gün Zəngilan yenidən qurulur, hər bir layihə Ulu öndər Heydər Əliyevin ideyalarına və cənab prezident İlham Əliyevin uzaqgörən siyasətinə əsaslanır. Ağıllı kəndlər, rəqəmsal yarımstansiyalar, müasir yollar və sosial layihələr bu torpağın gələcəyinə inamı daha da artırır. 20 oktyabr – Zəngilan şəhəri günü xalqımız üçün Qələbə, dirçəliş və milli qürur günü kimi tarixə yazılmışdır. Bu torpaqların azadlığı və inkişafı Ulu öndər Heydər Əliyev ideyalarının və cənab prezident İlham Əliyev siyasətinin parlaq bəhrəsidir. Zəngilan bu gün azad, abad və gələcəyə inamla baxan bir Azərbaycan şəhəridir!

Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta ümumtəhsil məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aynura Səfərova

Oxşar xəbərlər