
Azərbaycanın ağır günlərində - 1993-cü il oktyabrın 3-də keçirilmiş seçkilərdə Ulu Öndərin Prezident seçilməsi müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi oldu. Xalq öz seçimini etdi və böyük səs çoxluğu ilə Heydər Əliyevi Prezident seçdi.
Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Prezidenti seçilən Ulu öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla, Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.
Ulu öndər Heydər Əliyevin dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənib. İctimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparılıb, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilib, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilib.
“Biz müstəqil Azərbaycanda öz strateji yolumuzu artıq müəyyən etmişik və bu yolla gedirik. Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir” – Ulu Öndər deyirdi.
O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşır, tarixi şəraitdən düzgün baş çıxarır, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq edib.
Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi ümummilli lider Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilib.
İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyünü təmin edən ideologiyanın yaradılması, habelə bir çox digər təşəbbüslər dövlətçilik ənənələrin inkişafına xidmət edən ulu öndər Heydər Əliyevin bilavasitə xidmətidir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində ölkənin siyasi-hüquqi sistemində müsbət dəyişikliklər oldu. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu öndər olub. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn normaları əsasında, yəni, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Ümummilli lider Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olub.
“Azərbaycan sülhpərvər ölkədir. Biz dünyada sülh istəyirik, Qafqazda sülh istəyirik, bölgəmizdə sülh istəyirik, ölkəmizdə sülh istəyirik və buna nail olmağa çalışırıq” – bu sözlər dahi Liderin sülhə və sabitliyə, əməkdaşlığa çağırışı idi.
Ulu öndər Heydər Əliyevin siyasətinin davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanıtdırıb. Regionda və dünyada söz sahibinə çevrilən Azərbaycan məhz onun rəhbərliyi altında torpaqlarını 30 illik işğaldan azad edib, antiterror əməliyyatı ilə Qarabağdakı qanunsuz silahlı dəstələri və qondarma separatçı qurumu tarixdən silməyə müvəffəq olub. Bütün bu böyük nəticələrin kökündə Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı dayanır. O qayıdış bu gün Qarabağa Böyük Qayıdışı təmin edən bir təməl idi.
Kürdəxnı qəsəbəsi, 113 nömrəli tam orta
məktəbin direktoru Gültəkin Rüstəmova