
Cəbrayıl rayonu 1993- cü il avqustun 23- də erməni qəsbkarları tərəfindən işğal olunmuşdur. Azərbaycan xalqı heç vaxt bu işğalla barışmamış, hər zaman öz torpağını geri qaytarmaq üçün var gücü ilə çalışmışdır.
İşğal nəticəsində Cəbrayıl rayonuna külli miqdarda zərər dəymiş, məktəblər, xəstəxanalar, tarixi abidələr , mədəniyyət ocaqları vəhşicəsinə dağıdılmışdır. Birinci Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər Azərbaycan Milli Qəhrəmanı adına layiq olub.
Cəbrayıl rayonunun çox zəngin infrastrukturu var. Burada sement, mərmər, qiymətli tikinti materialları, həbelə dəmir filizi, neft yataqları mövcuddur. İşğaldan əvvəl əhali üzümçülük, heyvandarlıq , baramaçılıqla məşğul olurmuş.
Cəbrayıl rayonu işğal olunarkən erməni vandalizmi rayona dəhşətli zərər vurmuşdur. Kurqanlar, məqbərələr, türbələr, qəbiristanlıqlar dağıdılmışdır.
Bu işğallar zamanı Cəbrayıl sakinləri öz yurd – yuvalarından didərgin düşmüş, qaçqın düşərgələrində, yük vaqonlarında, yataqxanalarda məskunlaşmışlar.
27 ildən sonra , nəhayət ki, haqq- ədalət öz yerini tapdı. Cəbrayıl rayonu Azərbaycanın mərd oğulları sayəsində işğaldan azad oldu. Cəbrayıl rayonunun işğaldan azad edilməsinin çox böyük strateji əhəmiyyəti də var idi. Rayon işğaldan azad edildikdən sonra, digər işğal edilmiş ərazilərə də əks hücümlar etmək üçün yollar açılmışdı.
Cəbrayıl rayonunun işğaldan azad edilməsində çox böyük şücaət göstərmiş igidlərimizi mükafatlandırmaq üçün 2020- ci ilin 26 noyabrında “ Cəbrayılın azad olmasına görə “ medalı təsis edildi. 22797 hərbi quluqçu bu medalla təltif edildi.
Cəbrayıl rayonunun işğaldan azad edilməsi nəticəsində Xudafərin körpüsü də azadlığa qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu körpüdə Azərbaycanın bayrağını ucaltmaqla çox böyük tarixi hadisənin əsasını qoymuşdur.
İşğaldan sonra rayon ərazisində yeni quruculuq işləri həyata keçirilməyə başladı. Rayonun elektrik təchizatı , yol infrastrukturu yenidən qurulmağa başladı.
Cəbrayıl şəhərinin 2040- cı ilədək inkişaf planı üçün sənəd hazırlanmış, bu tarixədək bütün işlərin yekunlaşdırılması nəzərdə tutulmuşdur.
Cəbrayıl rayonuna ilk köç 2024- cü ilin 26 sentyabrında baş tutmuşdur. Bu köçlər ardıcıl şəkildə davam etdiriləcəkdir.
Cənab Prezident İlham Əliyev ardıcıl olaraq Cəbrayıl rayonuna səfərlər etmiş, orda görülən işlərlə yaxından tanış olmuşdur. İşğaldan azad olunmuş digər torpaqlarımız kimi , Cəbrayıl rayonu da gün – gündən inkişaf edəcək, əhalinin rahat yaşaması üçün hər şərait təmin olunacaq.
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Mehri Əliyeva