Müasir, müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir

Müasir, müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir
Ümummilli lider Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyərini zaman keçdikcə daha dərindən dərk edir, böyük qürur hissi keçiririk. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycan kimi qüdrətli dövlətin vətəndaşı olması ilə fəxr edir, uğurlarımızın dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu böyük inam və qətiyyətlə bildirir.
Müasir, müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Hakimiyyətinin hər iki dövründə bütün fəaliyyətini Azərbaycanın qüdrətlənməsinə, zənginləşməsinə yönəldən ümummilli lider Heydər Əliyev qarşıya bu mühüm vəzifəni qoymuşdur: «Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.»
Ulu Öndərin aforizmə çevrilən «Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» tezisi bizləri hər zaman müstəqilliyimizin ilk illərində yaşanan duruma nəzər salıb, bugünkü uğurlarımızı düzgün dəyərləndirməyi bir tələbə çevirir.
Azərbaycan sülhpərvər ölkədir, biz dünyada sülh istəyirik, Qafqazda sülh istəyirik, bölgəmizdə sülh istəyirik, ölkəmizdə sülh istəyirik və buna nail olmağa çalışırıq.
Müstəqil və qüdrətli Azərbaycanın formalaşmasının əsasını qoyan hadisə, 1993-cü il oktyabrın 3-də Ümummilli Lider Heydər Əliyevin prezident seçilməsi ilə bağlıdır. Bu tarixi gün, Azərbaycanın siyasi sabitliyə və inkişaf yoluna qədəm qoyduğu əlamətdar an kimi tariximizə həkk olunmuşdur.
15 iyun 1993-cü ildə Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz hadisə, vətəndaş müharibəsinin qarşısını almaq və dövlətin parçalanma təhlükəsini dəf etmək üçün əvəzsiz bir başlanğıc oldu. Lakin 3 oktyabrda keçirilmiş prezident seçkiləri Azərbaycan xalqının iradəsi ilə hüquqi qurtuluşun təməlini qoydu və dövlətimizin inkişafının ilk pilləsini təşkil etdi. Bu seçimlə xalq dahi Heydər Əliyevi prezident seçərək ölkənin gələcəyini ona etibar etdi və nəticədə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli atıldı. Beləliklə Azərbaycan sülhpərvər ölkədir olaraq dövlətçilik ənənələrini davam etdirməyə başladı. Ümumilli lider Heydər Əliyevin vurğuladığı kimi “Azərbaycan sülhpərvər ölkədir, biz dünyada sülh istəyirik, Qafqazda sülh istəyirik, bölgəmizdə sülh istəyirik, ölkəmizdə sülh istəyirik və buna nail olmağa çalışırıq.”
Müasir müstəqil Azərbaycan Respublikasının tarixində son dərəcə əlamətdar gün olan 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildi.
Ulu Öndər Heydər Əliyev xalqımızın etimadını qazanaraq 98.84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin gün Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun başlanğıcı oldu.
Ulu öndərin ömür yolu vətənə və xalqa xidmət nümunəsidir. Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, dahi Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı.
1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnızulu öndər Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istədi. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri Heydər Əliyevi dəvət etdi. Hələ 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılar qrupu Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi.
Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Xalqın məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.
Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti, əsasən, XX əsrin ikinci yarısı ilə bağlıdır. Bütövlükdə XX əsr bəşər tarixində bir çox təlatümlü hadisələrin baş verdiyi, iki dünya müharibəsinin od ələdiyi, çoxsaylı milli dövlətlərin meydana gəldiyi, siyasi və iqtisadi böhranların qaçılmaz olduğu və eyni zamanda, dünya inkişafına təkan verən proseslərin yaşandığı qlobal ziddiyyətlərlə dolu dramatik yüzillik kimi tarixə düşdü.. Baş verən bütün bu proseslər dünyanın bu günkü mənzərəsini ərsəyə gətirməklə yanaşı həm də siyasətdə aparıcı şəxsiyyətlərin dövlətlərin və bütövlükdə bəşəriyyətin taleyində nə qədər önəmli rol oynadığını göstərdi. Bu yüzillikdə bəşəriyyət məhz tarixi şəxsiyyətlərin sayəsində ziddiyyətli, odlu-alovlu dünyadan sabit və dayanıqlı dünyaya keçid aldı. XX əsrin tarixi məhz şəxsiyyətlərin tarixdəki rolu baxımından ibrətamiz bir dövr oldu. Bu tarixi Çörçilsiz, De Qollsuz, Kennedisiz, Mandelasız və eləcə də Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb.
Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərdən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.

Balaxanı qəsəbəsi, 69 saylı orta məktəbin
İngilis dili müəllimi Aygün Mirzəyeva

Oxşar xəbərlər