Ümummilli Lider Heydər Əliyevi xalqına sevdirən öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlməsi idi

Ümummilli Lider Heydər Əliyevi xalqına sevdirən öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlməsi idi
Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.
Ümummilli Lider andiçmə mərasimindəki nitqində demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxararaq öz andına sadiq qalmışdır. 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. İlk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparan Ümummilli lider qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitliyi bərqərar etdi. Dahi rəhbərin uzaqgörən siyasəti və idarəçiliyi ilə dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlərin həyata keçirilmısi, ölkənin xaos vəziyyətdən çıxarılması hamısı birbaşa Ümummilli liderin adı və yorulmaz fəaliyyəti ilə bağlıdır. Elə bu əməllədinə görə də Heydər Əliyev adı gələndə xalqın gözündə ölkənin və xalqın ən ağrılı anında xilaskarlıq missiyasını yerinə yetirmiş Ulu Öndər canlanır.
Ümummilli Lider Heydər Əliyevi xalqına sevdirən öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlməsi idi. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Gündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi peşəkarlıq sayəsində Ulu Öndər “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı” və s. bu kimi adlar qazanmışdır. Siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxarmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və səbrliliyində, nəzəriyyəyə istinad etməsində və bir çox digər məsələlərdə Heydər Əliyevin fenomenallığı sübut olunmuş faktdır.
Ulu Öndərin 1993-cü ilin oktyabrında prezident seçilməsindən sonra ölkədə sabitlik, vətəndaş həmrəyliyi bərpa edildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu, düşmən təcavüzü dayandırıldı, ordu quruculuğuna böyük diqqət yetirildi. Ulu Öndər qısa bir zamanda Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real silahlı qüvvələri formalaşdıra bilmişdir. Vətən Müharibəsində bizi Zəfərə aparan yolun başlanğıcında məhz Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasəti dayanır.
Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng siyasətçi idi. Dahi siyasətçinin dərin zəkası, fitri diplomatik istedadı, siyasi uzaqgörənliyi, geniş dünya görüşü, siyasi iradəsi, hadisələri qiymətləndirmə bacarığı, peşəkar rəhbərlik xüsusiyyətləri, ensiklopedik biliyi, məharətli natiqlik bacarığı ona təkcə Azərbaycanda deyil, bütün dünyada böyük nüfuz və “siyasət nəhəngi” adını qazandırmışdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini yaradanda onun təməllərini elə möhkəm qoyub və onu elə layiqli davamçıya təhvil verib ki, Azərbaycanın gücü-qüdrəti gündən-günə artır. İkinci Qarabağ Müharibəsi ilə bizə tarixi Zəfər yaşadan Ali Baş Komandanımız İ.Əliyev Qarabağda həyata keçirdiyi antiterror tədbirləri nəticəsində separatçıların təslim olmasına nail olaraq ölkəmizə növbəti tarixi Qələbəni bəxş etmişdir. Erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması, qondarma rejimin ləğv olunması ilə Azərbaycanın suverənliyi tam bərpa olunmuşdur.
Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, gücünə-qüdrətinə qarşı çıxmaq istəyən hər bir kəs bilməlidir ki, Azərbaycan Heydər Əliyev siyasəti ilə yaşayır və irəliləyir, bu siyasət dövlətimizin sarsılmaz təməlində dayanır. Onun qurucusu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi isə Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaqdır.

Bakıxanov qəsəbəsi 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Səmra Əlizadə


Oxşar xəbərlər