
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan bir sıra tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları olmuşdur. Onlar zaman-zaman xalqımızın tarixində gördükləri böyük işlər və əməllərlə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının unudulmaz rəhbəri, görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçi Ulu nöndər Heydər Əliyevin xüsusi rolu vardır. Çünki tarix boyu Azərbaycanın dövlət xadimlərindən yalnız o, ümummilli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Ulu öndəri xarizmatik lider, fenomenal şəxsiyyət adlandırırlar. Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib şərt hesab edilir. Ulu öndər Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşıya qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa cəhətlər Ulu öndər Heydər Əliyevin fərdi naturasının özəl çalarları idi.
Ulu öndər Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. Çağdaş tariximizə öz möhürünü vurmuş Ulu öndər Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Milli irs və düşüncə sistemindən qaynaqlanan bu ideya dərin məzmun yükü ilə cəmiyyətin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ümummilli liderə xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı yaratmışdır. Müstəqillik illərində Azərbaycanın milli ideologiyası ilk dəfə Yeni Azərbaycan Partiyasının nizamnaməsində əksini tapmışdır. 1998-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının 6-cı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda ümummilli lider Heydər Əliyev milli ideologiyanın şərhinə geniş yer verərək demişdir ki, dövlətçilik, milli-mənəvi və bəşəri dəyərlər azərbaycançılıq ideologiyasının əsasını təşkil edir. Dünya Azərbaycanlılarının 2001-ci ilin 9-10 noyabrın-da keçirilmiş I Qurultayında isə ümummilli lider Heydər Əliyev demişdir: "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir ". Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır. Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Ulu öndərimizin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır. Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix isə böyük öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur. 60-cı illərədək Azərbaycan aqrar ölkəsi kimi tanınırdı. Onun əsas sənaye mənbəyi neft idi. Lakin məhz Heydər Əliyev hakimiyyətinin ilk illərindən qəti addımlar atmaqla respublikaya olan bu münasibəti dəyişməyə nail oldu. Belə ki, qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir sıra zavod və fabriklər istifadəyə verildi. Yaradılmış yeni iş yerləri əsasında insanların rifah halı daha da yaxşılaşdı.
Heydər Əliyev o illərdə respublikanı nəhəng tikinti meydançasına çevirmək, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verməklə yanaşı, bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Bu hadisə azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynamışdır. Ordu quruculuğunda bu məktəbin rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu hərbi liseyin yetirmələridir.
Ulu öndər Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəni parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir.
Dahi Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək layiqli varis yetişdirməsidir. 2003-cü ildə böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilən İlham Əliyev ötən 22 il ərzində ulu öndərin təməlini qoyduğu siyasi-iqtisadi kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq inam və ardıcıllıqla davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan dünyada böyük nüfuza, iqtisadi gücə malik ölkə kimi tanınır. Ölkəmiz iqtisadi artım tempinə görə dünya ölkələri sırasında lider mövqedədir. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - deyən cənab İlham Əliyev, doğrudan da, hər bir azərbaycanlının Prezidenti oldu.
Cənab Prezident İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən vurğulayıb ki, Azərbaycanda Heydər Əliyev siyasi-iqtisadi inkişaf kursu davam etdiriləcək. Çünki bu kursa alternativ yoxdur, bu kurs yüksək inkişaf və tərəqqi yoludur. Bu gün fəxrlə qeyd edirik ki, Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş uğurların miqyası olduqca böyükdür. Ötən 17 il ərzində İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrində davamlı islahatlar aparılmış, beynəlxalq aləmdə ölkəmizin nüfuz və hörməti artıb, sosial məsələlərə diqqət artırılıb, demokratik inkişaf yolu ilə gedən Azərbaycanda bütün azadlıqlar təmin olunub. Bu gün Azərbaycan xalqı öz taleyinin və milli sərvətinin sahibidir. Aərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi daim qəlbində yaşadır və dərin hörmətlə yad edir
Zabrat qəsəbəsi, 75 saylı tam orta məktəbin
tarix müəllimi Asif Hüseynov