Bu gün Azərbaycanın beynəlxalq aləmdə tanınmış, güclü, dinamik inkişaf edən dövlət kimi mövcudluğu məhz 3 oktyabrda qoyulan təməlin nəticəsidir

Bu gün Azərbaycanın beynəlxalq aləmdə tanınmış, güclü, dinamik inkişaf edən dövlət kimi mövcudluğu məhz 3 oktyabrda qoyulan təməlin nəticəsidir
Azərbaycan tarixində elə günlər var ki, onlar yalnız bir təqvim tarixi kimi qalmır, bütöv bir xalqın, dövlətin, millətin taleyində dönüş nöqtəsinə çevrilir. 1993-cü ilin 3 oktyabrı da məhz belə günlərdən biridir. Həmin gün Azərbaycan xalqı özünün xilaskarına – Ümummilli Lider Heydər Əliyevə inanaraq onu Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu hadisə həm Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, həm də xalqımızın gələcək inkişaf yolunun müəyyənləşməsi baxımından əvəzsiz tarixi əhəmiyyət daşıyır.
1990-cı illərin əvvəlləri Azərbaycan üçün olduqca ağır və mürəkkəb dövr idi. SSRİ-nin süqutu, müstəqilliyin bərpası ilə bərabər ölkədə siyasi sabitliyin olmaması, daxili çəkişmələr, hakimiyyət böhranı dövlətçiliyimizi ciddi təhlükə altına salmışdı.
Ən acınacaqlısı isə Ermənistanın Azərbaycana qarşı başladığı təcavüz idi. Qarabağ uğrunda gedən döyüşlərdə itkilər artır, torpaqlarımız işğal olunurdu. İqtisadi çətinliklər, sosial böhran, əhalinin narazılığı, dövlətin idarəetmə sistemində yaranmış boşluqlar Azərbaycanın gələcəyini sual altına qoymuşdu.
Belə bir vəziyyətdə xalqın xilası üçün qətiyyətli liderə, güclü dövlət xadiminə ehtiyac vardı. O şəxs isə xalqımızın illər boyu sınaqlardan çıxmış, böyük idarəçilik məktəbi keçmiş dahi övladı Heydər Əliyev idi.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya – Ali Sovetin sədri vəzifəsinə dəvət olundu. Məhz onun qətiyyəti və uzaqgörənliyi sayəsində ölkədə vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlətçiliyin süqut təhlükəsi aradan qaldırıldı.
Xalq başa düşürdü ki, bu ağır yükü yalnız Heydər Əliyev daşıya bilər. Odur ki, 3 oktyabr 1993-cü ildə keçirilən ümumxalq səsverməsində seçicilərin böyük əksəriyyəti məhz ona səs verdi. Bu, təkcə seçki yox, həm də Azərbaycan xalqının xilası idi.
3 oktyabr 1993-cü il təkcə bir prezident seçkisi günü deyil. Bu tarix Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmlənməsinin başlanğıc nöqtəsi oldu. Əgər həmin gün xalqımız Heydər Əliyevə etimad göstərməsəydi, bəlkə də, bu gün müstəqil Azərbaycan adlı dövlət olmayacaqdı.
Ümummilli Liderin prezident seçilməsi ilə ölkəmiz anarxiyadan çıxaraq inkişaf yoluna qədəm qoydu. Bu gün Azərbaycanın beynəlxalq aləmdə tanınmış, güclü, dinamik inkişaf edən dövlət kimi mövcudluğu məhz 3 oktyabrda qoyulan təməlin nəticəsidir.
Tarixi şəxsiyyətlər millətlərin taleyində mühüm rol oynayır. Azərbaycan xalqının taleyində isə bu missiyanı dahi lider Heydər Əliyev yerinə yetirmişdir. 3 oktyabr 1993-cü ildə xalqımız öz xilaskarını Prezident seçməklə həm özünü, həm də gələcək nəsilləri xilas etdi.
Bu gün biz fəxr edirik ki, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu uğurla davam etdirilir. Azərbaycan dövlətinin mövcudluğu, qüdrəti, dünya birliyində tutduğu mövqe həmin tarixi seçkinin nə qədər doğru və zəruri olduğunu sübut edir.
3 oktyabr – Azərbaycan tarixində dövlətçilik bayramı, xalqın iradəsinin qələbə günü, Ümummilli Liderin millətinə bəxş etdiyi sabitlik və inkişaf yolunun başlanğıcıdır.
3 oktyabr 1993-cü il tarixi Azərbaycan xalqının yaddaşına xilaskar gün kimi yazıldı. Bu gün xalq öz müdrik seçimindən doğan bəhrələri hər addımda görür və hiss edir. Azərbaycan bu gün güclüdürsə, sabitdirsə, beynəlxalq aləmdə nüfuza malikdirsə, bunun əsası məhz həmin gündə qoyulmuşdur.
Heydər Əliyev yalnız bir dövlət başçısı deyildi, o həm də xalqını düşdüyü burulğandan çıxaran müdrik rəhbər, yolgöstərən və öndər idi. Onun adı Azərbaycan tarixində müstəqilliyimizin memarı, dövlətçiliyimizin banisi kimi əbədi yaşayacaqdır.
3 oktyabr tarixini biz təkcə bir seçki günü kimi deyil, həm də xalqın öz liderinə bəslədiyi sonsuz inamın və etimadın təntənəsi kimi qeyd edirik. Hər il bu gün xatırlananda Azərbaycan insanı qürurla deyir:
“Əgər Heydər Əliyev olmasaydı, bu günkü müstəqil Azərbaycan da olmazdı!”
Bu gün bizlər – müstəqil Azərbaycanın vətəndaşları Heydər Əliyevin qoyduğu möhkəm təməlin bəhrəsini görürük. Onun müdrik siyasəti nəticəsində Azərbaycan dünya miqyasında söz sahibinə çevrildi, bölgənin lider dövləti oldu.
3 oktyabr təkcə tarixi hadisə yox, həm də bir məktəbdir. Bu məktəb bizə göstərdi ki, xalqla liderin birliyi hər bir dövlətin ən böyük zəmanətidir. Azərbaycan xalqı öz xilaskarına güvəndi və bu etimad ölkəmizi uçurumdan xilas etdi.
Bu gün Azərbaycan gəncliyi azad ölkədə, müstəqil dövlətdə böyüyürsə, hər birimizin qürurla “Mən azərbaycanlıyam!” deməyə haqqımız varsa, bunun təməli də məhz 1993-cü ilin 3 oktyabrında qoyulmuşdur.
günün tarixi əhəmiyyəti ondan ibarətdir ki, yalnız bir siyasi hadisə kimi deyil, həm də millətin iradəsinin, xalqın müdrikliyinin, dövlətçiliyə bağlılığının parlaq nümunəsi kimi yaddaşlarda qalır.
3 oktyabr – xilaskar liderin xalqına qovuşduğu, xalqın isə öz taleyini etibarlı əllərə həvalə etdiyi gündür. Bu gün daim xatırlanacaq, gələcək nəsillərə yol göstərəcəkdir.

Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
fiziki tərbiyə müəllimi Elmar Məlikzadə

Oxşar xəbərlər