
Tanrı verən ömrü hər kəs bir cür yaşayır. Kimi özü üçün,kimi doğmaları üçün,kimi isə milləti, xalqı, vətəni və dövləti üçün yaşayır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz mənalı ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmişdir. Millətini canından da artıq sevən Ulu öndər Heydər Əliyevə olan sonsuz xalq məhəbbətinin sirri də məhz elə budur. Türk dünyasının böyük dahisi,bənzərsiz dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu və memarı, Yeni Azərbaycan Partiyasının təsisçisi Heydər Əlirza oğlu Əliyev keçən əsrin 69-cu illərindən başlayaraq Azərbaycana sədaqətlə xidmət etmişdir. O, Azərbaycanı bütün dünyaya tanıtmış, xalqın rifahı naminə əlindən gələni əsirgəməmişdir. Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə ölkəmiz Sovetlər İttifaqının tərkibində olsa da, onun prinsipiallığı,qətiyyəti,dəmir iradəsi,bilik,bacarıq,dövləti idarə etmək qabiliyyəti nəticəsində Azərbaycan sürətlə inkişaf etmişdir.Ən çox da milli dilimizin – Azərbaycan dilinin inkişafında Ulu öndərimizin danılmaz xidmətləri olmuşdur.
Dünyada az ölkə tapılar ki, onun tarixində Ulu öndər Heydər Əliyev kimi bir insan olsun. Bizim ölkəmiz məhz belə xoşbəxt ölkələr siyahısına daxildir. 1993-cü ilin 3 oktyabr tarixi Azərbaycanın tarixində, xalqımızın taleyində gələcəyimizi müəyyənləşdirən yolun başlanğıcı oldu. Həmin gün xalqımız özünün gələcək taleyini, inkişafını dəyərləndirərək bir seçim etdi. Müasir, müstəqil Azərbaycan Respublikasının tarixində son dərəcə əlamətdar gün olan 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ulu öndər Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin gün Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun başlanğıcı oldu. Bu elə bir vaxt idi ki, Azərbaycan vətəndaş müharibəsi həyəcanı yaşayırdı. Daxili çəkişmələr özünün pik həddinə çatmışdı. Azərbaycan xalqını düşünən ziyalılarımız məhz Ümummilli lider Heydər Əliyevə üz tutaraq onu təkidlə siyasi hakimiyyətə dəvət etdilər.Belə bir çətin dövrdə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil, hər zaman inkişaf edən, güclənən, qüdrətli Azərbaycan dövlətində inkişafın təməli qoyuldu. Zaman göstərdi ki, xalq öz seçimində yanılmayıb. Azərbaycan Prezidenti seçilən Ulu öndər Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqı üçün müstəsna əhəmiyyəti olan mühüm tarixi sənədlər imzalandı. Həmçinin ordumuz formalaşdı, ictimai-siyasi sabitlik yarandı.Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulması və onun möhkəmləndirilməsidir.Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində dövlət müstəqilliyi qorunmuş, əbədi və daimi olmuş, eləcə də ölkənin gələcək inkişafının bütün strateji hədəfləri müəyyən edilərək Azərbaycanın sonrakı illərdə də davamlı yüksəlişi və qüdrətlənməsinin təməli qoyulmuşdur. Dahi rəhbər xalqımızın ən çətin anında - Sovet imperiyasının dağıldığı, ölkənin parçalandığı, xalqın ruhdan düşdüyü bir dövrdə siyasi meydana xalqın xilaskarı kimi daxil oldu. Ulu öndər torpaqların itirildiyi, qaçqın və köçkünlərin artdığı bir zamanda Azərbaycan xalqına ruh verdi, onu müstəqil Azərbaycan uğrunda qələbəyə apardı. Bu dahi insan XX əsrin 60-cı illərindən ömrünün sonuna qədər məqsədyönlü və ardıcıl fəaliyyət göstərdi, xalqımızın nəyə qadir olduğunu nümayiş etdirdi, insanlarda azadlıq, müstəqillik ruhunu yüksəltdi, təhlükə qarşısında qalan müstəqilliyimizi qorumaq və möhkəmləndirmək üçün özünü qadir sərkərdəyə, xalqı isə cəsur əsgərə çevirməyi bacardı.
Ulu öndər xalqı üçün yaşadı, yaratdı, bütün ömrünü özünün də dediyi kimi, xalqına həsr etdi.
Onu da qeyd edək ki, bu mövzu çox geniş və əhatəlidir.Böyük dahinin həyat tarixini,xalqına,millətinə etdiklərini dəryalar mürəkkəb, meşələr qələm olsa, yazıb qurtarmaq olmaz. Ulu öndər Heydər Əliyev təkcə Azərbaycanın deyil,həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biridir.Onun əziz xatirəsi hər bir azərbaycanlının,hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq! Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı arxasında Ümummilli liderimiz Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev dayanır. İnanırıq ki, dövlətimiz Ümummilli liderimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində müstəqilliyini və suverenliyini qoruyub saxlayacaq, daha da inkişaf edəcəkdir.
Maştağa qəsəbəsi, 293 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Xudaverdiyeva