İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır

İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi.
Cəbrayılın azad edilməsi.
Ulu öndər Heydər Əliyevin respublikaya ikinci dəfə rəhbərliyə başlamasından sonra 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edildi. Nəticədə Cocuq Mərcanlı kəndinin təhlükəsziliyi təmin edildi.
İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Çünki müharibənin birinci həftəsində, 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi.2020-ci il 18 oktyabr tarixində Cəbrayıl rayonu ərazisində yerləşən XI əsr memarlıq abidəsi,qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
Ali Baş Komandan İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olundu. Artıq beş ildir ki, Cəbrayıl əhalisi, eləcə də bütün Azərbaycan xalqı bu təqvim gününü ruh yüksəkliyi və böyük təntənə ilə qeyd edirlər.
İşğaldan azad edilmiş digər ərazilərimiz kimi Cəbrayılda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz doğma yurdlarında rahat və təhlükəsiz yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. 2020-ci ilin 4 oktyabrından başlayaraq cənab prezident İlham Əliyev dəfələrlə rayona səfər edərək, görülən işlərlə yaxından tanış olmuş, təməlqoyma və açılış mərasimlərində iştirak etmiş, müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində yola salınıb.
27 il vətən həsrətində olan Azərbaycan xalqı Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən torpağını qanları,canları bahasına birləşdirən müzəffər Azərbaycan Ordusuna, rəşadətli əsgər və zabitlərimizə təşəkkürünü bildirir , ölümləri ilə xalqımıza yeni nəfəs verən şəhidlərimizə rəhmət, sağlamlığını itirmiş qazilərimizə can sağlığı diləyir.

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta ümumtəhsil məktəbin
tarix müəllimi Elşən Zeynalov

Oxşar xəbərlər