
Azərbaycan tarixinin ən mürəkkəb, eyni zamanda ən məsuliyyətli dövrlərindən biri XX əsrin sonuna təsadüf edir. Sovetlər İttifaqının dağılması ilə bərpa olunmuş müstəqillik ilk illərdə həm daxili, həm də xarici təhdidlər qarşısında olduqca zəif görünürdü. Dövlət institutlarının fəaliyyəti iflic vəziyyətinə düşmüş, iqtisadi böhran dərinləşmiş, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın böyük hissəsi işğal edilmişdi. Hakimiyyətin idarəçilikdə təcrübəsizliyi, siyasi xaos, separatizm meylləri və vətəndaş müharibəsi təhlükəsi Azərbaycanın gələcəyini sual altına almışdı. Belə bir tarixi şəraitdə xalqın nicat yolu olaraq müraciət etdiyi Ümummilli lider Heydər Əliyev idi. 1993-cü ilin iyun böhranı Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Ölkə daxilində silahlı qarşıdurma ehtimalı kəskinləşmiş, hakimiyyət idarəçiliyini tamamilə itirmiş.
Xalq kütlələrinin təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev Bakıya dəvət olundu. On diun qayıdışı sadəcə siyasi hadisə deyildi, həm də dövlətin və xalqın xilası üçün tarixi zərurət idi. Siyasi uzaqgörənliyi, dövlətçilik təcrübəsi və milli mənafeyə sarsılmaz bağlılığı ilə Heydər Əliyev ölkəni xaosdan çıxarmaq qüdrətinə malik yeganə lider kimi qəbul edilirdi.3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkiləri Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Xalq yekdilliklə Heydər Əliyevi öz lideri kimi qəbul edərək ona etimad göstərdi. Bu seçkilər sadəcə bir liderin hakimiyyətə gəlməsi deyildi; bu, milli iradənin təntənəsi, dövlətçiliyin bərpası və müstəqilliyin qorunması uğrunda xalqın yekdil qərarı idi. Xalq Heydər Əliyevə səs verməklə sabitlik, güclü dövlətçilik və milli birliyə səs verirdi.Prezident seçildikdən sonra Ulu Heydər Əliyevin ilk addımı ölkədə sabitliyin təmin olunması oldu. O, qanunsuz silahlı dəstələri zərərsizləşdirərək dövlət hakimiyyətinin tam bərpasına nail oldu. Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas edildi, daxildə siyasi sabitlik yarandı. Bu, dövlətçiliyin möhkəmlənməsi və inkişafın əsas şərti idi. Eyni zamanda, Heydər Əliyev milli ordunun formalaşdırılmasına xüsusi diqqət yetirdi.
Peşəkar ordu quruculuğu prosesinə start verildi və Azərbaycanın müdafiə qüdrəti gücləndirildi.Xarici siyasətdə balanslı və uzaqgörən xətt seçildi. Azərbaycanın beynəlxalq aləmdə mövqeyi möhkəmləndi, böyük dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri quruldu. Heydər Əliyevin diplomatik bacarığı sayəsində ölkəmiz qısa müddətdə regional və qlobal siyasətdə etibarlı tərəfdaş kimi qəbul edilməyə başladı. Bununla yanaşı, iqtisadi sahədə də mühüm islahatların əsası qoyuldu. Milli neft strategiyası hazırlanaraq Azərbaycanın gələcək inkişafının bünövrəsi atıldı. Bu strategiya sonradan “Əsrin müqaviləsi” ilə gerçəkləşərək Azərbaycanın iqtisadi müstəqilliyini təmin etdi və ölkəni regionun aparıcı dövlətinə çevirdi.Heydər Əliyevin prezident seçilməsi Azərbaycan xalqı üçün həm də milli həmrəyliyin bərpası demək idi. Onun siyasi iradəsi və uzaqgörənliyi sayəsində xalq öz lideri ətrafında birləşdi. Müstəqilliyin qorunması və əbədiliyi təmin olundu, dövlət institutları bərpa edildi, Azərbaycanın inkişafı üçün strateji yol xəritəsi müəyyənləşdirildi.1993-cü il prezident seçkiləri tarixi əhəmiyyətinə görə Azərbaycan dövlətçiliyinin xilası kimi dəyərləndirilə bilər. Bu hadisə ilə xalq öz taleyini Heydər Əliyev kimi liderə etibar etməklə həm dövlətin, həm də gələcək nəsillərin taleyini qorumağa nail oldu. Heydər Əliyevin prezidentliyi Azərbaycanın modernləşmə, inkişaf və beynəlxalq aləmə inteqrasiya yolunun başlanğıcı oldu.Nəticə etibarilə, Heydər Əliyevin ilk dəfə prezident seçilməsi müasir Azərbaycan tarixinin dönüş nöqtəsi idi. Bu seçkilər dövlətin dağılmaq təhlükəsindən xilas olmasını, sabitliyin bərpasını və milli inkişaf yolunun başlanmasını təmin etdi. Heydər Əliyev öz tarixi missiyasını yerinə yetirərək müstəqil Azərbaycanın memarı və xilaskarı kimi adını əbədi olaraq dövlətçilik tariximizə yazdı.
Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov