1993-cü ilin iyununda xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olundu

1993-cü ilin iyununda xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olundu
Ömrünü Azərbaycan Respublikasının gələcək inkişafına həsr edən dövlət adamı. Azərbaycan tarixində elə şəxsiyyətlər var ki, onların adı xalqın taleyi ilə, dövlətin gələcəyi ilə qırılmaz tellərlə bağlıdır. Belə şəxsiyyətlərdən biri də Ulu Öndər, ümummilli lider Heydər Əliyevdir. O, bütün ömrünü Azərbaycan Respublikasının inkişafına, dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsinə həsr etmişdir. Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətə başlaması. Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu, sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) memarlıq fakültəsini bitirmişdir. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (Bak Dövlət Universiteti) tarix fakültəsini bitirmişdir. 1944-cü ildən dövlət təhlükəsizlik orqanlarında çalışmış, burada peşəkar idarəçi kimi formalaşmışdır.
1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilən Ulu Öndər Heydər Əliyev Azərbaycan SSR-in rəhbəri oldu. Onun fəaliyyəti nəticəsində respublika qısa müddətdə böyük iqtisadi və mədəni inkişaf yolu keçdi. Bu illərdə: - iri sənaye müəssisələri, zavod və fabriklər açıldı, - kənd təsərrüfatı modernləşdirildi, - təhsil, elm və mədəniyyət sahələrinə diqqət artırıldı, - yüzlərlə gənc azərbaycanlı SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərildi. Bu tədbirlər gələcək müstəqil Azərbaycanın inkişafı üçün kadr və iqtisadi baza yaratdı. 1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Bu, o dövrdə SSRİ rəhbərliyində azərbaycanlının tutduğu ən yüksək vəzifə idi. O, ittifaq miqyasında mühüm qərarların qəbulunda iştirak edir, Azərbaycanın maraqlarını qorumağa çalışırdı. 1990-cı illər: Müstəqilliyin sınaqları və xilaskar missiya 1990-cı il yanvarın 20-də Sovet qoşunlarının Bakıda törətdiyi qırğınla bağlı Heydər Əliyev Moskvada xalqın haqq səsini müdafiə edərək bəyanat verdi. 1990- cı ilin iyulunda Moskvadakı vəzifəsindən istefa verərək Azərbaycana – doğma Naxçıvana qayıtdı. Burada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi, ölkənin müstəqilliyi uğrunda ardıcıl mübarizə apardı. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, daxildə siyasi böhran, Qarabağda müharibə, iqtisadi tənəzzül ölkəni uçuruma sürükləyirdi. 1993-cü ilin iyununda xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olundu və Milli Məclisin sədri seçildi. Elə həmin ilin oktyabrında ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti oldu. Müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan dövlətçiliyinin əsasları qoyuldu: - 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. 1995-ci ildə parlament fəaliyyətə başladı - dövlət idarəçiliyi sistemi formalaşdırıldı; - iqtisadi islahatlara start verildi, bazar iqtisadiyyatına keçid təmin olundu. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanaraq ölkənin enerji siyasəti dünya miqyasında böyük uğur qazandı, xarici siyasətdə balanslı xətt tutuldu, Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı.
Ulu öndər Heydər Əliyev 2003-cü ilədək prezident kimi fəaliyyət göstərdi. Onun siyasi kursu bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir Azərbaycanın inkişaf strategiyasının təməlini təşkil edir. Ulu Öndərin əsas xidmətləri Azərbaycan tarixində bir neçə cümlə ilə ifadə oluna bilər: - O, müstəqil dövlətimizi dağılmaq təhlükəsindən xilas etdi. - Dövlətçiliyin hüquqi və siyasi əsaslarını yaratdı. - Xalqı milli ideya – güclü və müstəqil Azərbaycan ətrafında birləşdirdi. Ulu Öndər Heydər Əliyev yalnız öz dövrünün lideri deyil, həm də Azərbaycan xalqının yaddaşında əbədiyaşar dövlət qurucusu kimi qalacaqdır. Onun fəaliyyəti sübut etdi ki, güclü lider, düzgün siyasi yol və xalqın birliyi ilə Azərbaycan daim inkişaf edəcək, dövlət müstəqilliyimiz isə sarsılmaz olacaqdır.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
tarix müəllimi Türkan Mehdiyeva

Oxşar xəbərlər