İşğaldan azad olunan torpaqlarımız hazırda mənən də dirçəlir

İşğaldan azad olunan torpaqlarımız hazırda mənən də dirçəlir Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etdi və ərazi bütövlüyümüz bərpa oldu. Otuz ilə yaxın müddətdə işğal altında olan ərazilər dağıdılmış, erməni barbarlığı və vandalizmi ilə üz-üzə qalmışdı. Artıq tarixi ədalət bərpa olunub, işğal altında olan torpaqlar əsl sahibinə qayıdıb. İşğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. İşğaldan azad olunan torpaqlarımız hazırda mənən də dirçəlir.

Böyük Qələbəni bizlərə bəxş edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" deyən ulu öndər Heydər Əliyevin arzusunu yerinə yetirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi. 2020-ci il noyabrın 8-də ölkə Prezidenti İlham Əliyevin Şəhidlər xiyabanında Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini xalqımıza çatdırdığı gün müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günlərindəndir. Ölkə başçısının "Əziz Şuşa, sən azadsan" sözləri böyükdən kiçiyə hər kəsin dilinin əzbərinə çevrilib..

30 illik fasilədən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşa 12-13 may tarixlərində şəhidlərimizin əziz xatirəsinə həsr olunan “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Festivalın açılışındakı çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev bu mesajın əhəmiyyətini xüsusi vurğuladı: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”.

27 sentyabr tarixində Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizin, qətlə yetirilən mülki vətəndaşlarımızın, itkin soydaşlarımızın ehtiramla yad edilməsi, Anım Gününə həsr olunmuş yürüş onu göstərdi ki, xalq və onun lideri daim birlik və bərabərlik addımları öz xalqının tarixi, zəfəri, inkişafı, çiçəklənməsi üçün birgə irəliləyir. Bu, Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, böyük tarixi Qələbənin təntənəsini bizə yaşadanların ruhuna ümumxalq ehtiramının ifadəsi oldu. Biz kədər və sevincimizi birlikdə paylaşan, lazım olanda dəmir yumruğa dönə bilən xalqıq!

Ramana qəsəbəsi, 90 nömrəli tam orta məktəbin

direktoru Yeganə Məhərrəmova

Oxşar xəbərlər