
1992-ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə ATƏT-in (o zamankı ATƏM) təşəbbüsü ilə Minsk qrupu yaradıldı. Bu qurumun əsas məqsədi tərəflər arasında dialoqu təşviq etmək, münaqişənin siyasi və hüquqi yollarla nizamlanmasına şərait yaratmaq idi. Lakin təəssüf ki, ötən onilliklər ərzində Minsk qrupu öz qarşısına qoyulan bu missiyanı yerinə yetirə bilmədi.
Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya uzun illər boyu vasitəçilik missiyasını davam etdirdilər. Lakin bu fəaliyyətlərin nəticələri, əslində, münaqişənin dondurulmasına, status-kvonun saxlanmasına və Ermənistanın işğalçılıq siyasətinin davam etməsinə səbəb oldu. Ən əsası isə Minsk qrupu BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin – Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən sənədlərin icrası üçün heç bir real təzyiq mexanizmi ortaya qoya bilmədi. Nəticədə 30 ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqları işğal altında qaldı, yüz minlərlə insan öz yurd-yuvasından didərgin düşdü.
Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyünü bərpa etdi və bununla da münaqişənin hərbi-siyasi mərhələsinə son qoydu. Bu reallıq göstərdi ki, uzun illər davam edən nəticəsiz danışıqlar əvəzinə, beynəlxalq hüquqa əsaslanan ədalətli həll yalnız Azərbaycanın öz gücü ilə mümkün oldu.
Hazırda regionda yeni reallıqlar yaranıb. Sülh və əməkdaşlıq üçün yeni imkanlar mövcuddur.
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta ümumtəhsil məktəbi” publik hüquqi şəxsi İnformatika müəllimi Samirə Yusifli