XX əsrin sonlarında Cənubi Qafqaz regionunda baş verən hadisələr yalnız siyasi sərhədləri deyil, milyonlarla insanın həyatını dəyişdirdi

XX əsrin sonlarında Cənubi Qafqaz regionunda baş verən hadisələr yalnız siyasi sərhədləri deyil, milyonlarla insanın həyatını dəyişdirdi
Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin.
Bunu biz etdik – Azərbaycan dövləti. Bizim iradəmiz, deyə bilərəm ki, əyilməz iradəmiz bunu təmin etdi. İşğal dövründə bizə nə qədər təzyiqlər, təhdidlər olub, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir. İşğal dövründə bizə tez-tez belə siqnallar ünvanlanırdı ki, reallıqla barışmaq lazımdır, Azərbaycan öz torpaqlarını azad edə bilməyəcək, böyük dövlətlər, Ermənistanın havadarları buna imkan verməyəcək, Azərbaycan Ordusu döyüş meydanında qələbə qazana bilməyəcək.Bu kimi uydurulmuş şayiələr həm geniş informasiya məkanında yayılır, həm də müxtəlif kanallar vasitəsilə Azərbaycan rəhbərliyinə çatdırılırdı. Amma bizim iradəmizə təsir edə biləcək heç bir qüvvə yox idi və bunu biz dəfələrlə bəyan etmişdik.
XX əsrin sonlarında Cənubi Qafqaz regionunda baş verən hadisələr yalnız siyasi sərhədləri deyil, milyonlarla insanın həyatını dəyişdirdi. Azərbaycanın Qarabağ bölgəsində baş verən münaqişə uzun illər davam edən işğal dövrünə səbəb oldu və bu dövrün ən ağır səhifələrindən biri Xocalı faciəsi kimi tarixə düşdü. 1992-ci ilin fevralında
baş verən hadisələr nəticəsində yüzlərlə dinc sakin həyatını itirdi, minlərlə insan doğma torpaqlarından məcburi köçkünə çevrildi. Xocalı hadisələri beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilir və bu faciə Azərbaycan xalqının kollektiv yaddaşında silinməz iz qoyub.
Uzun illər ərzində Azərbaycan torpaqlarının bir hissəsi işğal altında qaldı. Beynəlxalq səviyyədə qəbul edilən qərarlara baxmayaraq, münaqişənin həlli istiqamətində real nəticələr əldə olunmadı. Həmin dövrdə tez-tez belə fikirlər səsləndirilirdi ki, Azərbaycanın öz torpaqlarını hərbi və ya siyasi yolla geri qaytarması mümkün deyil.Lakin ölkə daxilində
həyata keçirilən iqtisadi inkişaf, diplomatik fəaliyyət və ordu quruculuğu gələcək dəyişikliklərin əsasını formalaşdırdı. Azərbaycan müstəqilliyini möhkəmləndirdikcə təhlükəsizlik siyasətini prioritet istiqamətə çevirdi.Ordunun modernləşməsi, yeni texnologiyaların tətbiqi və peşəkar hərbi hazırlıq ölkənin müdafiə qabiliyyətini gücləndirdi. Paralel olaraq beynəlxalq münasibətlərdə balanslı siyasət yürüdüldü və regional əməkdaşlıq genişləndirildi.Bu proseslər nəticəsində ölkə regionda yeni siyasi və hərbi reallıq formalaşdırmağa hazır vəziyyətə gəldi. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi regionun siyasi mənzərəsini dəyişdi.Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində uzun illər işğal altında qalan ərazilərin böyük hissəsi azad edildi. Bu hadisə ölkə tarixində dönüş nöqtəsi kimi qiymətləndirildi.Milli həmrəylik,cəmiyyətin birlik nümayiş etdirməsi və dövlətin strateji qərarları qələbənin əsas faktorları kimi göstərilir.
Münaqişənin nəticələri yalnız döyüş meydanında deyil, hüquqi müstəvidə də öz əksini tapır. Müharibə ilə bağlı aparılan məhkəmə prosesləri həm tarixi hadisələrin hüquqi qiymətləndirilməsi, həm də beynəlxalq ictimaiyyət üçün mühüm informasiya mənbəyi rolunu oynayır.Məqalə müəllifi kimi qeyd etməliyəm ki, erməni tərəfinin məhkəmə proseslərində bir neçə dəfə dinləyici qismində iştirak etmək imkanım olub. Məhkəmə zalında iştirak zamanı diqqət çəkən əsas məqam hadisələrin fərqli prizmadan təqdim olunması və tərəflərin öz arqumentlərini hüquqi müstəvidə əsaslandırmağa çalışması idi.
Zalda hökm sürən atmosfer münaqişənin yalnız siyasi və hərbi deyil, eyni zamanda psixoloji və informasiya mübarizəsi olduğunu da açıq şəkildə göstərirdi. Dinləyici kimi müşahidə etdiyim proseslər bir daha sübut etdi ki, münaqişələrin real mahiyyəti yalnız rəsmi bəyanatlarda deyil, məhkəmə müzakirələrində və şahid ifadələrində daha aydın görünür.
Məhkəmə prosesi zamanı zalda nümayiş etdirilən xocalıda törədilən cinayətlərlə bağlı video materiallar və foto sübutlar iştirak edənlər üçün xüsusilə ağır təsir bağışlayırdı. Lentə alınmış görüntülərdə münaqişə dövründə dinc Azərbaycan vətəndaşlarına qarşı törədilmiş zorakılıq halları, işgəncə faktları və insan faciələrini əks etdirən kadrlar təqdim olunurdu.Bu görüntülər yalnız hüquqi sübut kimi deyil, eyni zamanda müharibənin insan talelərində buraxdığı dərin izlərin vizual təsdiqi kimi yadda qalırdı. Məhkəmə zalında hökm sürən sükut nümayiş etdirilən materialların ağırlığını açıq şəkildə hiss etdirirdi.Dinləyici qismində həmin prosesdə iştirak edərkən keçirdiyim hissləri sözlə ifadə etmək çətin idi. Bir insan olaraq gördüklərim məndə dərin sarsıntı və ağrı hissi yaratdı.Günahsız insanların yaşadıqları əzabları izləmək emosional baxımdan son dərəcə ağır idi.Eyni zamanda bir vətəndaş mövqeyindən düşünərkən fərqli hisslər də yaranırdı. Azərbaycanın bu gün gəldiyi nöqtə, ölkənin ərazi bütövlüyünün bərpası və əldə olunan qələbə hissi məndə qürur duyğusu oyadırırdı.Müasir mərhələdə əldə edilən nəticələrin Azərbaycan əsgərinin, igid və qəhrəman oğullarının fədakarlığı sayəsində mümkün olduğunu bir daha dərindən dərk edirdim.Məhkəmə zalında izlənilən həmin görüntülər keçmişin ağrılarını xatırlatsa da, eyni zamanda tarixi ədalətin bərpasına doğru atılan addımların əhəmiyyətini də göstərirdi. Bu təcrübə münaqişənin yalnız siyasi və hərbi deyil, həm də insani və mənəvi tərəflərinin nə qədər böyük olduğunu bir daha nümayiş etdirdi.Bu iştirak həm də hadisələrə daha geniş baxış formalaşdırmağa, fərqli yanaşmaları müqayisə etməyə və münaqişənin informasiya tərəfini daha dərindən anlamağa imkan yaratdı.Nəticə etibarilə, Xocalıda törədilən ağır cinayətlərə görə təqsirkar şəxslər qanun qarşısında cavab verdilər.
Müharibədən sonra isə əsas diqqət azad edilmiş ərazilərin bərpasına yönəldi.Yeni yolların çəkilməsi, yaşayış məntəqələrinin qurulması, sosial infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin geri qayıdışı regionda yeni həyatın başlanğıcını simvolizə edir.“Ağıllı şəhər” və “ağıllı kənd” layihələri bölgənin gələcək inkişaf modelini formalaşdırır və iqtisadi dirçəlişə zəmin yaradır.Xocalı faciəsindən başlayaraq ərazi bütövlüyünün bərpasına qədər uzanan yol Azərbaycanın müasir tarixində həm ağrılı, həm də qürurverici mərhələdir.Dövlət iradəsi, xalq birliyi və zamanla formalaşan strateji yanaşma nəticəsində ölkə yeni inkişaf mərhələsinə qədəm qoyub.Tarix göstərdi ki, ədalətə aparan yol uzun olsa da, milli yaddaş və iradə bu yolu mümkün edir.

Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
əməkdaşı Badam Muradova

Oxşar xəbərlər