Xocalı yalnız bir şəhərin adı deyil, o, xalqımızın qan yaddaşı, kədəri və eyni zamanda mübarizə rəmzidir

Xocalı yalnız bir şəhərin adı deyil, o, xalqımızın qan yaddaşı, kədəri və eyni zamanda mübarizə rəmzidir
Tarix hər bir xalqın yaddaşıdır. Bu yaddaşda həm qürurverici, həm də ağrılı səhifələr olur. Azərbaycan xalqının ən faciəli və unudulmaz səhifələrindən biri 1992-ci il fevralın 26-da baş verən Xocalı soyqırımıdır. Bu faciə nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirildi. Xocalı yalnız bir şəhərin adı deyil, o, xalqımızın qan yaddaşı, kədəri və eyni zamanda mübarizə rəmzidir.
Uzun illər ərzində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görüldü. Azərbaycan dövləti və xalqı bu faciənin soyqırımı kimi tanınması üçün ardıcıl və məqsədyönlü fəaliyyət göstərdi. Bu istiqamətdə həyata keçirilən beynəlxalq kampaniyalar, anım tədbirləri və diplomatik səylər nəticəsində bir sıra ölkələr və təşkilatlar Xocalı hadisələrinə hüquqi-siyasi qiymət verdi.
Tarixi ədalətin bərpası yolunda ən mühüm mərhələlərdən biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması oldu. 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal altındakı torpaqları azad etdi. Bu qələbə yalnız hərbi uğur deyil, həm də illərlə gözlənilən ədalətin təntənəsi idi. Xocalının və digər torpaqlarımızın azad olunması ilə xalqımız sübut etdi ki, ədalət gec də olsa zəfər çalır.
Xocalı Soyqırımı Memorialının açılışı isə bu ədalətin rəmzi ifadəsidir. Memorial yalnız abidə deyil, o, xalqımızın şəhidlərinə ehtiramının, tarixə sədaqətinin və gələcək nəsillərə ötürülən həqiqətin simvoludur. Bu memorialda əks olunan hər bir detal faciənin ağrısını, eyni zamanda xalqımızın qürurunu və sarsılmaz iradəsini əks etdirir.
Memorialın açılışı göstərdi ki, Azərbaycan xalqı öz tarixini unutmayıb və unutmayacaq. Biz bu faciəni yalnız anmaqla kifayətlənmirik, həm də onun ibrət dərslərini gələcək nəsillərə çatdırırıq. Xocalı qurbanlarının xatirəsi daim uca tutulur və onların ruhu qarşısında borcumuz Vətənimizi daha da güclü etməkdir.
“Ədaləti biz özümüz təmin etdik” ifadəsi bu gün artıq bir şüar deyil, reallıqdır. Azərbaycan xalqı birlik, iradə və güc nümayiş etdirərək haqqın yanında olduğunu sübut etdi. Xocalı Soyqırımı Memorialının açılışı bir daha göstərdi ki, tariximizi yaşatmaq və ədaləti qorumaq bizim milli və mənəvi borcumuzdur.
Xocalı şəhidlərinin xatirəsi daim qəlbimizdə yaşayacaq. Onların qanı yerdə qalmadı. Azərbaycan xalqı öz birliyi və əzmi ilə sübut etdi ki, ədalətə aparan yol bəzən çətin və uzun olsa da, sonda zəfər qaçılmazdır.

Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbi publik hüquqi şəxsi
ibtidai sinif müəllimi Leyla Nəcəfli


Oxşar xəbərlər