AMEA-nın Rəyasət Heyəti ləğv edilir

AMEA-nın Rəyasət Heyəti ləğv edilir Etibarlı mənbələrdən Sfera.az-a daxil olan məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi ləğv edilir və qurumun idarəetmə strukturu tamamilə yenidən formalaşdırılacaq.

Məlumata əsasən, bu qərarı doğuran əsas səbəb dünyada analoji modelin faktiki olaraq tətbiq edilməməsi və elmi idarəetmənin fərqli mexanizmlər üzərindən qurulmasıdır. Qlobal təcrübədə fundamental və tətbiqi elmi tədqiqatlar əsasən universitetlər və ixtisaslaşmış elmi-tədqiqat institutları tərəfindən həyata keçirilir. Universitetlər yalnız tədris müəssisəsi kimi deyil, həm də innovasiya, texnologiya istehsalı və elmi kəşflərin kommersiyalaşdırılması mərkəzi kimi çıxış edir.

Hazırkı modeldə isə ölkədə elmi fəaliyyət uzun illər akademiya institutları üzərində cəmləşib. Universitetlər əsasən kadr hazırlığı, tələbə yetişdirilməsi və tədris prosesi ilə məşğul olur. Halbuki dünya təcrübəsində ali təhsil müəssisələri həm də qrant layihələri həyata keçirir, patentlər əldə edir, sənaye ilə birbaşa əməkdaşlıq edir və tədqiqat nəticələrini bazara çıxarır.

Mənbələr bildirir ki, aparılan struktur islahatları elmi fəaliyyətin universitetlərə inteqrasiyasını sürətləndirmək, ali təhsil müəssisələrinin tədqiqat potensialını artırmaq və innovasiya mühitini gücləndirmək məqsədi daşıyır. Yeni modeldə universitetlərin yalnız diplom verən qurum deyil, həm də elmi məhsul istehsal edən mərkəzə çevrilməsi hədəflənir.

Məlumata görə, rəhbərliyin ləğvi ilə yanaşı, akademiyanın strukturunda da ciddi dəyişikliklər gözlənilir. İdarəetmə mexanizmlərinin sadələşdirilməsi, səlahiyyət bölgüsünün yenidən müəyyənləşdirilməsi və institutların fəaliyyət modelinin yenilənməsi planlaşdırılır.

Qərarın yaxın vaxtlarda rəsmi şəkildə açıqlanacağı gözlənilir. Sfera.az məsələni diqqətdə saxlayır.

Oxşar xəbərlər