Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara, insanlığa, bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır. Bir gecə içində 600-dən çox günahsız mülki şəxs, onlardan 106-sı qadın, 63-ü uşaq erməni faşistləri tərəfindən qəddarcasına qətlə yetirilmişdir, 150 nəfər itkin düşmüş və aydın məsələdir ki, onlar da ermənilər tərəfindən öldürülmüşdür. Onların bəzilərinin işğaldan sonra qalıqları tapıldı və torpağa tapşırıldı.
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılış mərasimində çıxış edərək 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını vurğuladı. Prezident qeyd etdi ki, Xocalı Soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir və bu hadisənin unudulmaması üçün dövlət səviyyəsində ardıcıl işlər görülür.
Çıxışında dövlət başçısı Xocalı qurbanlarının əziz xatirəsinin daim ehtiramla yad ediləcəyini, şəhid ailələrinə və faciə şahidlərinə dövlət qayğısının davam etdiriləcəyini bildirdi. O vurğuladı ki, memorial kompleksin yaradılması tarixi ədalətin təntənəsi və gələcək nəsillərə həqiqətlərin çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident, həmçinin beynəlxalq ictimaiyyəti Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməyə çağıraraq qeyd etdi ki, Azərbaycan həqiqətləri dünya miqyasında daha geniş təbliğ olunmalıdır. Onun sözlərinə görə, son illər aparılan informasiya siyasəti nəticəsində bir sıra ölkələr və təşkilatlar Xocalı hadisələrini soyqırımı kimi tanıyıb və bu istiqamətdə işlər davam etdiriləcək.
Memorial Kompleksin açılışında Xocalı sakinləri iştirak edir. Onların demək olar ki, hər biri öz yaxınlarını, qohumlarını, doğmalarını itirmişlər, uzun illər ərzində bu ağrı ilə, bu kədərlə yaşamışlar. Öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsinlər və dözdülər də. Çünki onları saxlayan inam idi, ədalətə inam, dövlətə inam, Ordumuza inam.
Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Çünki bu qədər, - yəni Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, - 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini, ləyaqətini, inamını saxladı. Biz bu Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır dünyada. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir.
Çıxışın sonunda Prezident İlham Əliyev bildirdi ki, Xocalı qurbanlarının qanı yerdə qalmayacaq, ədalət və həqiqət hər zaman qalib gələcək. O, Azərbaycan xalqının birliyinin və həmrəyliyinin ölkənin gücünün əsas mənbəyi olduğunu vurğulayaraq, memorialın xalqın milli yaddaşının rəmzinə çevriləcəyini qeyd etdi.
Mərasim iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər və memorial önünə əklillər qoyuldu. Açılış mərasimi Azərbaycan tarixində mühüm hadisə kimi dəyərləndirildi və Xocalı qurbanlarının əziz xatirəsinə dərin ehtiramın ifadəsi oldu.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Kəmalə Qaragözova