Xocalı memorial kompleksi soyqırım qurbanlarını unutdurmayacaq

Xocalı memorial kompleksi soyqırım qurbanlarını unutdurmayacaq Xocalı memorial kompleksinin açılışı zamanı Prezident İlham Əliyevin çıxışı təkcə anım xarakterli nitq deyildi. Bu çıxış özündə tarixi ədalətin bərpası, milli yaddaşın möhkəmləndirilməsi və post-münaqişə dövrünün siyasi-ideoloji istiqamətlərini əks etdirən mühüm strateji mesajları ehtiva edirdi. Dövlət başçısının nitqi həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış çoxqatlı siyasi mətn kimi dəyərləndirilə bilər. Prezident çıxışında xüsusi vurğuladı ki, Xocalı faciəsinin qurbanlarının xatirəsinin məhz Xocalının özündə əbədiləşdirilməsi böyük tarixi və mənəvi əhəmiyyət daşıyır. Bu fikir əslində bir neçə mühüm məqamı ehtiva edir. Əvvəla, bu, Azərbaycanın öz suveren ərazilərində tam nəzarəti bərpa etdiyini nümayiş etdirir. Uzun illər işğal altında qalan ərazilərdə bu cür memorial komplekslərin yaradılması dövlətin ərazi bütövlüyünün real və faktiki təmin olunmasının simvoludur. Digər tərəfdən bu addım tarixi yaddaşın coğrafi məkanla birləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Yəni faciə artıq yalnız xatirələrdə deyil, məhz baş verdiyi məkanda əbədiləşdirilir. Bu isə milli yaddaşın daha dərin və təsirli şəkildə formalaşmasına xidmət edir.
Prezident İlham Əliyevin çıxışının əsas ideoloji xəttlərindən biri də Azərbaycanın qazandığı Qələbənin Xocalı qurbanlarının ruhunun şad edilməsi kimi təqdim olunması idi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, Xocalının qisası döyüş meydanında alındı və Azərbaycan öz tarixi ədalətini təmin etdi. Bu yanaşma müasir Azərbaycanın siyasi ideologiyasında mühüm yer tutan “ədalətin bərpası” konsepsiyasının davamıdır. Burada Qələbə yalnız hərbi uğur kimi deyil, həm də mənəvi və tarixi ədalətin təmin olunması kimi təqdim edilir. Bu mesaj eyni zamanda cəmiyyətin milli birliyini möhkəmləndirmək və post-müharibə dövründə formalaşan yeni milli kimlik konsepsiyasını gücləndirmək məqsədi daşıyır.
Prezident çıxışında Xocalının yenidən qurulması prosesinə də xüsusi diqqət ayırdı. Bu, sadəcə infrastruktur layihəsi kimi deyil, tarixi ədalətin bərpasının davamı kimi təqdim olundu.
Burada əsas siyasi mesaj ondan ibarətdir ki, Azərbaycan yalnız ərazilərini azad etməklə kifayətlənmir, eyni zamanda həmin ərazilərə həyat qaytarır. Bu, dövlətin uzunmüddətli strateji planlarının və regionda dayanıqlı mövcudluğunun göstəricisidir.
Altun İbrahimov – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar xəbərlər