Azərbaycan tarixində yeni mərhələ – qələbədən sülhə gedən yol

Azərbaycan tarixində yeni mərhələ – qələbədən sülhə gedən yol
XX əsrin sonlarından etibarən Azərbaycan xalqı Ermənistanın işğalçı siyasətinin ağır nəticələri ilə üz-üzə qaldı. Ulu öndər Heydər Əliyevin siyasi irsinin davamı olaraq, cənab prezident İlham Əliyev ölkəmizin beynəlxalq səviyyədə haqlı mövqeyini qorumaqla yanaşı, ərazi bütövlüyümüzü bərpa edən tarixi qələbəyə imza atdı. Bu gün Azərbaycan artıq qalib dövlət kimi sülh və inkişaf yolunda irəliləyir.
25 sentyabr 2025-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-cı sessiyasında cənab prezident İlham Əliyevin çıxışı bu baxımdan mühüm tarixi hadisə oldu. Dövlət başçımız bu kürsüdən bir daha Azərbaycanın ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırdı.
Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salındı. Onların insan hüquqları kobudcasına pozuldu. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılması ilə bağlı dörd qətnamə qəbul etsə də, onlar icra edilmədi. ATƏT-in Minsk qrupu isə 1992-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, sülhə deyil, status-kvonun saxlanmasına xidmət etdi.
44 günlük Vətən müharibəsi Azərbaycanın qəhrəmanlıq salnaməsinə çevrildi. Cənab prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Silahlı Qüvvələrimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bununla da, ölkəmiz tarixinin ən böyük qələbəsini qazandı.
Azərbaycan qələbədən sonra sülh təşəbbüsləri ilə çıxış etdi. Ermənistanla münasibətlərdə yeni səhifə açmaq, qarşılıqlı tanınmaya əsaslanan sülh müqaviləsi imzalamaq üçün praktiki addımlar atıldı. 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən sammitdə ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Bununla da, uzun illər faydasız fəaliyyət göstərmiş ATƏT-in Minsk qrupu və onun strukturları ləğv edildi.
Sülh prosesinin əsas istiqamətlərindən biri regional əlaqələrin möhkəmləndirilməsidir. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi məhz bu məqsədi güdür. Azərbaycanın təşəbbüsləri regionda iqtisadi əməkdaşlığın və davamlı inkişafın təmin edilməsinə xidmət edir.
Cənab prezident İlham Əliyevin çıxışında həmçinin Ermənistanın işğalı dövründə qoyub getdiyi minaların yaratdığı ciddi təhlükəyə də diqqət çəkildi. 2020-ci ildən bu günədək yüzlərlə insan mina partlayışlarının qurbanı olub. Bununla yanaşı, Azərbaycanın itkin düşmüş minlərlə vətəndaşının taleyi də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.
Azərbaycan yalnız hərbi qələbə ilə deyil, həm də qlobal miqyaslı təşəbbüsləri ilə seçilir. COP29-a ev sahibliyi etməyimiz ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Bakı Maliyyə Hədəfi qlobal iqlim maliyyələşdirilməsində yeni mərhələ kimi tarixə düşdü. Bərpaolunan enerji mənbələrinə yönəlmiş böyük layihələr Azərbaycanın yaşıl iqtisadiyyata sadiqliyini sübut edir.
Ölkəmiz, həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas mərkəzinə çevrilib. Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, beynəlxalq hava limanları və “Rəqəmsal İpək Yolu” layihəsi Azərbaycanın qlobal nəqliyyat və kommunikasiya xəritəsindəki mövqeyini daha da möhkəmləndirir.
Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər də beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Yoxsulluğun və işsizliyin tarixi minimuma – 5 faizə endirilməsi, dövlət borcunun çox aşağı səviyyədə olması və valyuta ehtiyatlarımızın güclü olması ölkəmizin iqtisadi dayanıqlılığını göstərir.
Cənab prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı nitqi bir daha təsdiq etdi ki, Azərbaycanın sülh, inkişaf və əməkdaşlıq siyasəti beynəlxalq hüquqa və ədalətə əsaslanır. Ulu öndər Heydər Əliyevin “Güclü dövlət” ideyası bu gün reallığa çevrilib. Azərbaycan artıq müharibəni udmuş, sülhü təmin etmiş və beynəlxalq aləmdə güclü mövqe qazanmış dövlətdir.

Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Vüsalə Əliyeva

Oxşar xəbərlər