Azərbaycan ordusu Ermənistana heç vaxt unutmayacaqları dərs verdi

Azərbaycan ordusu Ermənistana heç vaxt unutmayacaqları dərs verdi Bu gün Ermənistanın düçar olduğu ağır böhran uzun illər ərzində Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin məntiqi nəticəsidir. Ermənistan 30 ilə qədər Azərbaycan ərazilərini işğal altında saxladığı müddətdə heç nə əldə edə bilmədi, əksinə sosial-iqtisadi vəziyyəti daim gerilədi, regionda bütün inkişaf proseslərindən, layihələrdən kənarda qaldı və dalan bir ölkəyə çevrildi. Bununla yanaşı, ağır durumda yaşayan əhali Ermənistandan qaçmağa başladı ki, bunun da nəticəsində Ermənistan düçar olduğu problemlərdən biri də demoqrafik vəziyyətlə bağlıdır.
Azərbaycan bu illər ərzində hər zaman Ermənistanı və onun havadarlarını xəbərdar edirdi, bir qarış da torpağını güzəştə getməyəcəyini, hərbi yolla da olsa ərazilərini azad edəcəyini bəyan edirdi. Lakin nə Ermənistan, nə onun havadarları, nə də ATƏT-in Minsk qrupu doğru addım atmağa çalışırdı, əksinə, münaqişənin uzadılması üçün əllərindən gələni edirdilər. Onlar düşünürdülər ki, imitasiya xarakterli danışıqlar aparmaqla münaqişəni uzadacaqlar. Azərbaycan dövləti daim Minsk qrupunun fəaliyyətinin səmərəsizliyini bildirsə də, Ermənistana təzyiq göstərilməsinin vacibliyini bəyan etsə də həmsədrlərin fəaliyyətində heç bir hərəkətlilik müşahidə edilmirdi. Azərbaycan cəmiyyətində də Minsk qrupunun fəaliyyətinə inam tamamilə itmişdi.
Bu cür cəzasızlıq mühitindən istifadə edən Ermənistan daha da azğınlaşır, yeni ərazi iddialarına düşürdü. Azərbaycan Ermənistanın yeni ərazilər işğal etməyə hazırlaşmasına dair 2020-ci ilin sentyabrınadək dünya birliyini dəfələrlə xəbərdar etməsinə baxmayaraq heç bir irəliləyiş olmadı, azğınlaşmış Ermənistan vaxtında dayandırılmadı, ATƏT-in Minsk qrupu həmsədrləri heç bir fəallıq göstərmədilər. Zamanında Ermənistana təzyiq göstərməyən böyük dövlətlər, Minsk qrupu 44 günlük Vətən müharibəsindən sonra fəallaşmağa başladılar.
Ermənistan birdəfəlik anlamalıdır ki, münaqişə artıq bitib, geridə qalıb. Ermənistan onu da anlamalıdır ki, əgər onlar yenə də hansısa təxribata əl atarlarsa, revanşizm iddialarına düşərlərsə Azərbaycan onların layiqli cavab verəcək və bu cavab Ermənistan üçün çox sarsıdıcı olacaq.
Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan xalqı əbədi, əzəli torpaqlarına həmişəlik olaraq geri qayıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevində dediyi kimi: “Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara düşməsin”. Azərbaycanın bir qarış torpağını belə düşmən tapdağında qoymayan müdrik Lideri, qüdrətli ordusu, milli birlik nümayiş etdirən xalqı var.
Vüqar Musayev-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar xəbərlər