Azərbaycanın müasir tarixində milli yaddaşın qorunması və erməni təcavüzünün beynəlxalq müstəvidə ifşası hər zaman dövlət siyasətinin nüvəsini təşkil edib. Bu strateji xəttin ən fəal və təsirli icraçısı kimi çıxış edən Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk dövrlərdən etibarən bəşəriyyət əleyhinə yönəlmiş Xocalı cinayətini dünya gündəminə daşımağı özünün mənəvi və siyasi prioritetinə çevirdi.
2008-ci ildə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Xocalıya ədalət!” (Justice for Khojaly) beynəlxalq kampaniyası sadəcə bir anım tədbiri deyil, həm də sistemli bir əks-hücum xarakteri daşıyırdı:
Faciənin dünya parlamentləri tərəfindən "soyqırımı" aktı kimi qəbul edilməsi.
Cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq hüquqi bazanın yaradılması.
Dünya ictimaiyyətində münaqişənin mahiyyəti barədə doğru təsəvvürün formalaşdırılması.
Fondun təşkilatçılığı ilə dünyanın ən böyük paytaxtlarında — Vaşinqtondan Tokioya, Londondan Qahirəyə qədər silsilə tədbirlər həyata keçirildi. "Sonsuz dəhliz" sənədli filmi və müxtəlif dillərdə nəşr olunan kitablar faciənin dəhşətlərini şahidlərin dili ilə dünyaya çatdırdı.
Kampaniyanın uğuru olaraq bu gün:
• 15-dən çox ölkənin parlamenti Xocalını soyqırımı kimi tanıyır.
• İslam Əməkdaşlıq Təşkilatı faciəyə beynəlxalq səviyyədə hüquqi qiymət verib.
• ABŞ-ın 20-dən artıq ştatı müvafiq bəyannamələr qəbul edib
Xocalı faciəsi bizim qan yaddaşımızdır. Biz bu həqiqəti gələcək nəsillərə elə ötürməliyik ki, bir daha bəşəriyyət belə bir vəhşiliklə üzləşməsin.
Bu gün torpaqlarımız azad olsa da, Heydər Əliyev Fondunun başlatdığı bu hərəkat tarixi ədalətin tam bərqərar olması üçün öz missiyasını davam etdirir.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta ümumtəhsil məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aynura Səfərova