Azərbaycan dövləti həmişə sülh tərəfdarı olduğunu nümayiş etdirdi

Azərbaycan dövləti həmişə sülh tərəfdarı olduğunu nümayiş etdirdi

1992-ci ildə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu yaradıldı. Bu qrupun əsas məqsədi – tərəfləri masa arxasına gətirmək, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq münaqişəni ədalətli şəkildə həll etmək idi. Lakin ötən onilliklər göstərdi ki, Minsk qrupu nə münaqişənin gedişinə təsir göstərə bildi, nə də Azərbaycan xalqının ədalətli tələblərinin təmin olunmasına nail oldu.
Minsk qrupu 11 üzv dövlətdən ibarət idi, lakin real fəaliyyət həmsədrlər – ABŞ, Rusiya və Fransanın üzərinə düşürdü. Bu dövlətlərin güclü diplomatik təsir imkanları vardı və gözlənilirdi ki, onlar regionda sabitliyi təmin etmək üçün balanslı mövqe nümayiş etdirəcəklər. Amma reallıqda bu baş vermədi.
Azərbaycan ərazilərinin 20 faizi işğal altında qalarkən, bir milyondan çox insan qaçqın və məcburi köçkün həyatı yaşadığı halda, Minsk qrupu münaqişəni dondurmaqla kifayətləndi. Ermənistanın işğalçı siyasəti beynəlxalq hüquqa zidd olsa da, həmsədrlər tərəfindən açıq şəkildə qınanmadı. Bu isə Azərbaycanın haqlı mövqeyinə qarşı ikili standartların tətbiq olunduğunu sübut edirdi.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 4 qətnamə (822, 853, 874 və 884) Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin bu sənədlərin icrasına nəzarət edilmədi və Minsk qrupu həmin qətnamələrin gerçəkləşməsində heç bir rol oynamadı. Bunun əvəzində uzun-uzadı “danışıqlar prosesi” adı altında işğalçının mövqeyi möhkəmləndi, status-kvo illərlə qorundu.
Azərbaycan dövləti həmişə sülh tərəfdarı olduğunu nümayiş etdirdi. Rəsmi Bakı dəfələrlə bəyan edirdi ki, ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz, ancaq sülh və mehriban qonşuluq münasibətləri mümkündür. Buna baxmayaraq, Ermənistan konstruktiv mövqedən uzaqlaşdı, Minsk qrupu isə Ermənistanı təzyiq altına almaq əvəzinə, vəziyyəti zamana buraxdı.
Minsk qrupunun fəaliyyətsizliyi nəticəsində yaranan boşluğu Azərbaycan özü doldurdu. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Bu, beynəlxalq hüququn bərpası, tarixi ədalətin zəfəri idi. Ən əsası isə sübut olundu ki, beynəlxalq təşkilatların və vasitəçilərin passivliyi fonunda yalnız güclü dövlət və milli iradə real nəticə gətirə bilər.
Ümumilikdə, ATƏT-in Minsk qrupu fəaliyyət göstərdiyi illər ərzində öz missiyasını yerinə yetirə bilmədi. O, Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi yox, əksinə, status-kvonun qorunmasına xidmət edən bir struktur kimi tarixdə qaldı. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbə isə göstərdi ki, ədalət yalnız güclü ordu, siyasi iradə və xalqın birliyi sayəsində təmin olunur.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
tarix müəllimi İbişli Qurban

Oxşar xəbərlər