Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha da güclənib, beynəlxalq nüfuzu artıb və Qarabağ, eləcə də Xocalı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırılıb. Vətən müharibəsi və sonrakı antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Müharibə cinayətlərinə görə məsuliyyət daşıyan şəxslərin bir qismi hərbi əməliyyatlar zamanı zərərsizləşdirildi, digərləri isə saxlanılaraq istintaqa cəlb edildi və məhkəmə qarşısına çıxarıldı. Bu, ədalətin təmin olunmasının bariz nümunəsidir.Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. 2024-cü ildə Prezident İlham Əliyev Xocalıda Xatirə Memorial Kompleksinin təməlini qoyub və ilk dəfə olaraq Xocalı soyqırımı günü məhz Xocalıda qeyd olunub.
Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin düz iki il əvvəl imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Açılış mərasimində iştirak edən ölkə başçısı xocalılarla görüşərək mərasimdə geniş çixış edib. O, ilk növbədə bildirib ki, bu Memorial silinməz yaddaşımızın təcəssümü olacaq. “Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Dövlət başçısı rayon ictimaiyyəti ilə görüşündə bildirib ki, memorial kompleksin layihəsi illər əvvəl hazırlanmış, hətta Bakıda yer də seçilmişdi. Lakin hər bir azərbaycanlı kimi Prezident də inanırdı ki, biz mütləq Xocalıya qayıdacağıq və soyqırımı qurbanlarının xatirəsi məhz öz doğma torpağında əbədiləşdirilməlidir.
Memorial kompleksin Xocalıda açılması ədalətin təntənəsi və tarixi haqqın bərpasıdır. Eyni zamanda, memorial kompleksin açılışı Azərbaycanın regionda yeni reallıqlar yaratdığını və artıq bu reallıqların geri dönməz xarakter daşıdığını göstərən siyasi akt kimi dəyər qazanır. Bu abidə həm də beynəlxalq ictimaiyyətə ünvanlanan açıq mesajdır: regionda davamlı sülh yalnız həqiqətlərin qəbul edilməsi və ədalətin təmin olunması ilə mümkündür. Prezident İlham Əliyevin çıxışı beynəlxalq auditoriya üçün də mühüm mesajlar ehtiva edirdi. Bu çıxış vasitəsilə Azərbaycan bir daha Xocalı faciəsinin unudulmadığını və bu hadisənin tarixi-siyasi qiymətinin dəyişməz qaldığını nümayiş etdirdi. Bununla belə, biz daim ayıq-sayıq olmalı, sülhün və təhlükəsizliyin təmin olunması üçün güclü dövlətə və güclü orduya sahib olmalıyıq. Yalnız bu halda gələcək nəsillər üçün sabit və təhlükəsiz bir Azərbaycan təmin edə bilərik.
Nəcibə Hüseynova-Sabunçu rayon Mərkəzləşmiş Kitabxana sisteminin direktoru