Xocalı soyqırımında hər iki valideynini itirmiş 25 nəfərdən biri olan Kübra Telman qızı Orucova yeni bir sevinc yaşayır.Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
1992-ci il Xocalı soyqırımı zamanı cəmi yaş yarımlıq olan Kübra Telman qızı valideynlərini itirmiş və sağ qalmış şəxslərdən biridir.
Həmin günlərdə onun sağ qalması möcüzə sayılırdı: anasının nəşi Ağdam məscidinə gətirilərkən, sinəsində uzanan Kübra ölmüş anasının südünü içib sakitləşərək, səssizcə düşmən nəzərindən yayına bilib. Ailə yaxınları isə onun da öldüyünü düşünərək onu da anası ilə birgə dəfn etməyi planlaşdırırdılar.
Bu gün isə Kübraya həyat yeni bir sevinc bəxş edib - o, oğul övladı dünyaya gətirib və atasının xatirəsini yaşatmaq üçün uşağa Telman adını verib.