Azərbaycan, Türkiyə və Pakistan əlaqələri yeni mərhələdə

Azərbaycan, Türkiyə və Pakistan əlaqələri yeni mərhələdə Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələrin möhkəmlənməsində xalqların bir-birinə bəslədiyi dərin rəğbət, mənəvi yaxınlıq və əsl dostluq mühüm rol oynayır. Bakı, Ankara və İslamabad coğrafi baxımdan fərqli bölgələrdə yerləşsələr də, onları ortaq tarix, zəngin mədəni irs, dini dəyərlər və qardaşlıq bağları birləşdirir. Bu xalqlar bir-birinin sevincinə şərik olur, çətinliklər zamanı isə dəstək göstərirlər. Eyni dini-mədəni köklərə sahib olan dövlətlər bənzər tarixi sınaqlardan keçmişlər. Burada ilk növbədə münaqişəli ərazilər məsələsi nəzərdə tutulur. Azərbaycan uzun illər ərzində Qarabağ probleminin ağrı-acısını yaşamış, Pakistan Kəşmir məsələsi, Türkiyə isə Şimali Kipr problemi ilə qarşılaşmışdır. Bu ortaq taleyüklü məsələlər hər üç dövləti daha da yaxınlaşdıraraq aralarındakı həmrəyliyi gücləndirmişdir.
Mayın 28-də erməni işğalından azad edilən Laçın şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşü keçirilib. Adətən, dostlar və qardaşlar əlamətdar günlərdə bir araya gəlirlər. Azərbaycanın Müstəqillik Günündə belə yüksək səviyyəli bir görüşün baş tutması həm də bütün dünyaya verilmiş strateji bir mesaj idi. Artıq beynəlxalq ictimaiyyət bu üçlü ittifaqın - Azərbaycan, Türkiyə və Pakistanın mövqelərini və maraqlarını nəzərə almadan xarici siyasət kursunu müəyyənləşdirməkdə çətinlik çəkəcək. Məsələn, Pakistana qarşı hər hansısa bir dövlət təxribat törətməyə cəhd gösətərəcəksə, Bakı və Ankara buna dərhal reaksiya verəcək. Elə bir neçə həftə öncə Hindistan bu ölkəyə hücum edərkən, Prezidentlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan qardaş Pakistan xalqı ilə həmrəy olduğunu dilə gətirdilər. Həmçinin Azərbaycan Ermənistanın hücumuna məruz qalanda Şahbaz Şərifin təbirincə desək, Türkiyə və Pakistan bir qaya kimi ölkəmizin yanında oldu.
Laçında keçirilən Zirvə görüşü sayca ikincidir. İlk belə toplantı 2024-cü il iyulun 3-də Astanada baş tutub. Ölkə Liderləri həmin görüşdə beynəlxalq təşkilatlar çərçivəsində bir-birlərinə dəstəyi davam etdirməkdə qərarlı olduqlarını bildiriblər. Eyni zamanda, regional və qlobal məsələlərdə vahid mövqenin vacibliyi vurğulanıb. Bu görüş, üç qardaş ölkənin əməkdaşlığını yalnız siyasi səviyyədə deyil, institusional səviyyədə də möhkəmləndirmək əzmini ortaya qoyub.Azərbaycanın dost və qardaş ölkələri ilə ticarət dövriyyəsi sahəsində də müsbət dinamika müşahidə olunur. 2024-cü ildə Azərbaycanın ixrac etdiyi məhsulların əsas istiqamətləri arasında Türkiyə 14,4 faizlə ikinci yerdə qərarlaşıb. Həmin il iki ölkə arasında ümumi ticarət dövriyyəsi 6,13 milyard ABŞ dolları təşkil edib.
Qeyd etmək lazımdır ki, Azərbaycanın 2024-cü ildə inkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı - D-8-ə üzv qəbul olunmasında da Türkiyə və Pakistanın rolu əvəzsiz olub. Təşkilatın 11-ci Zirvə görüşündə Azərbaycanın üzvlüyü yekdilliklə təsdiq olunub ki, bu da ölkəmizin beynəlxalq nüfuzunun artmasının və dost ölkələrin açıq dəstəyinin parlaq göstəricisidir.
Zülfüqar Cəfərov-YAP Sabunçu rayon təşkilatının sədr müavini

Oxşar xəbərlər