Laçının mədəniyyət paytaxtı elan edilməsi, şəhərin bərpası və inkişafı üçün yeni imkanlar yaradacaq

Laçının mədəniyyət paytaxtı elan edilməsi, şəhərin bərpası və inkişafı üçün yeni imkanlar yaradacaq
2025-ci ildə Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevin Laçına səfəri və sakinlərlə birlikdə olması, məhz bu torpağın sahiblərinin yenidən tarixə qayıdışını simvolizə edir. Bu görüş, 30 illik ayrılığın sonunda doğma yurda dönən xalqla dövlətin əl-ələ verdiyi birliyi göstərdi.
28 May 2025-ci ildə Prezident İlham Əliyevin Laçın şəhərindəki çıxışı, Azərbaycanın müstəqillik tarixində və ərazi bütövlüyünün bərpası prosesində mühüm bir mərhələni əks etdirir. Ali Baş Komandan Laçının 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı elan edilməsinin əhəmiyyətini də vurğuladı. O, bildirdi ki, bu qərar, Laçının və ümumilikdə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Prezidentin sözlərinə görə, Laçının mədəniyyət paytaxtı elan edilməsi, şəhərin bərpası və inkişafı üçün yeni imkanlar yaradacaq.
Cari ilin 28 may tarixində Laçın şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Üçlü Zirvə görüşü keçirildi. Prezidenti cənab İlham Əliyevin azad edilmiş Laçın şəhərində çıxışı ölkəmizin müasir tarixində və yaddaşımızda həm strateji, həm də mənəvi baxımdan mühüm hadisə kimi yadda qaldı. Bu çıxış sadəcə bir dövlət rəhbərinin nitqi deyil, həm də Azərbaycanın geosiyasi reallıqlarının, regional əməkdaşlıq modelinin və milli iradəsinin ifadəsidir. Prezident İlham Əliyev bir daha sübut etdi ki, onun rəhbərliyi ilə Azərbaycan dövləti yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmir, həm də bölgədə sabitlik, inkişaf və tərəqqi naminə möhkəm təməl yaradır. Vaxtilə işğala məruz qalmış və indi yenidən həyatın qaynayıb çağladığı strateji məkanda - Laçında etdiyi çıxış xalqın Prezidentə olan sonsuz etimadını daha da gücləndirdi.
Prezidentin çıxışında xüsusi yer tutan Azərbaycan–Türkiyə–Pakistan üçlüyü artıq regional əməkdaşlıq modeli olmaqla yanaşı, qlobal təhlükəsizlik arxitekturasında da yeni bir yanaşmanın nümunəsidir. Laçında keçirilən ikinci üçtərəfli Zirvə görüşü, dövlət başçısının da qeyd etdiyi kimi, bu birliyin gücünü və əhəmiyyətini bütün dünyaya nümayiş etdirdi. Ən önəmlisi odur ki, bu qardaşlıq yalnız siyasi deyil, həm də mənəvi, tarixi və mədəni köklərə əsaslanır. Türkiyənin və Pakistanın İkinci Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək heç zaman unudulmayacaq və bu dəstək bizim qələbəmizə aparan yolun mühüm dayaqlarından biri oldu.
2025-ci il 28 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində Müstəqillik Günü münasibətilə tarixi əhəmiyyət daşıyan çıxış yalnız bayram təbriki deyil, həm də postmünaqişə dövründə Azərbaycanın dövlətçilik fəlsəfəsini, regional siyasətini və strateji hədəflərini əks etdirən siyasi bəyanat kimi yadda qalmışdır.
Prezident İlham Əliyev nitqinə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümünü qeyd etməklə başladı. Bu, müsəlman dünyasında ilk demokratik respublikanın qurulması kimi böyük tarixi hadisə idi. Lakin bu müstəqilliyin qısa sürməsi, xarici təzyiqlər və işğallarla üz-üzə qalmış Azərbaycan xalqının mübarizəsinin simvolu kimi təqdim olundu. Bu, Azərbaycanın keçmiş ədalətsizliklərlə, itkilərlə və işğallarla mübarizəsinin, eyni zamanda iradəsinin və qardaş xalqların dəstəyinin gücünü vurğulayan ideoloji mesaj idi.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
tarix müəllimi Həsən Xələfov

Oxşar xəbərlər