
Vətən müharibəsindən sonra işğaldan azad olunmuş bir çox rayonlarımızda müxtəlif vaxtlarda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regional əhəmiyyətli tədbirlər keçirilmişdir. Belə tədbirlərdən biridə 28 may 2025-ci il tarixdə Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən Zirvə görüşü idi.Prezident İlham Əliyev 28 may 2025-ci ildə Laçında çıxışı zamanı vurğulayıb ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı biz hər gün irəli gedirdik. Bir gün belə geri addım atmamışdıq. Döyüş meydanında 300-dən çox şəhər və kəndimizi erməni işğalçılarından azad etmişdik. O cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri döyüş meydanında işğalçılardan azad edildi. 2020-ci il noyabrın 8-də Şuşa Zəfərimizdən sonra Ermənistan ordusunda təslimçilik meyilləri daha da artdı və ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını, təslim aktını imzalamağa məcbur oldu. Məhz bunun nəticəsində bir güllə atılmadan Laçın, Kəlbəcər və Ağdam işğalçılardan azad edilmişdir. Bu şanlı tariximiz bölgəmizdəki geosiyasi vəziyyəti dəyişdirdi, yeni reallıqlar yaratdı və hər bir ölkə bu reallıqlarla barışmalı oldu. Bizim 2023-cü ildə birgünlük antiterror əməliyyatı isə dövlət suverenliyimizi tam bərpa etdi və Azərbaycanda separatizmin kökü birdəfəlik kəsildi.
Prezident İlham Əliyevin 28 may 2025-ci ildə Laçında çıxışı Azərbaycanın üç qardaş ölkə – Azərbaycan, Türkiyə və Pakistan arasındakı strateji əməkdaşlığını vurğulayan tarixi hadisə oldu. Bu çıxış, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü ilə üst-üstə düşərək ölkənin azadlıq və müstəqillik yolundakı fədakarlığını bir daha yada saldı.
30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır” – Prezident İlham Əliyevin bu fikri təkcə siyasi bəyanat deyil, xalqın yaddaşına yazılmış böyük bir tarixin qısa xülasəsidir. Bu sözlər Laçının azadlığı ilə yanaşı, Azərbaycanın dövlət olaraq gücünü, xalq olaraq birliyini və gələcək inamını ifadə edir. Prezident İlham Əliyev Laçının Müstəqillik Günündə azad olunmasının və sakinlərin geri dönüşünün xüsusi əhəmiyyət daşıdığını vurğuladı. O, qeyd etdi ki, bu hadisə Azərbaycanın müstəqil dövlət kimi gücünü və əzmini nümayiş etdirir. Prezidentin sözlərinə görə, Laçının bərpası və sakinlərin qayıdışı, Azərbaycanın müstəqilliyinin və suverenliyinin təntənəsidir.Ali Baş komandan Laçının 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı elan edilməsinin əhəmiyyətini də vurğuladı. O, bildirdi ki, bu qərar, Laçının və ümumilikdə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Prezidentin sözlərinə görə, Laçının mədəniyyət paytaxtı elan edilməsi, şəhərin bərpası və inkişafı üçün yeni imkanlar yaradacaq.
Prezident İlham Əliyev qeyd etdi ki, bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Vüsalə Baxışlı