
28 may 2025-ci il tarixində Prezident İlham Əliyevin Laçında etdiyi çıxış Azərbaycanın müasir tarixində mühüm əhəmiyyət daşıyır. Bu nitq Azərbaycanın dövlət suverenliyi, milli həmrəyliyi və gələcək strategiyası baxımından xüsusi önəm kəsb edir.
Heç də təsadüfi deyil ki,bu tarix həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünə təsadüf edir. Prezident çıxışında qeyd etmişdir ki, 1918-ci ildə qurulmuş bu respublika müsəlman aləmində ilk demokratik dövlət olmuş və Azərbaycanın dövlətçilik təməllərinin əsasını qoymuşdur.
Laçının işğaldan azad olunması, 30 illik həsrətə son qoymaqla yanaşı, həm də tarixi ədalətin bərpası oldu. Prezidentin “Biz qayıtmalı idik və qayıtmışıq” ifadəsi bu qayıdışın həm mənəvi, həm də siyasi gücünü ortaya qoyur.
Prezident İlham Əliyev çıxışında Ermənistanın uzun illər apardığı işğalçılıq siyasətini qətiyyətlə pisləyərək vurğulamışdır ki, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmayıb, torpaqların azadlığı naminə mübariz ruhunu daim yaşatmışdır.
2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycan həm hərbi, həm də siyasi sahədə böyük Qələbə qazandı. Bu Qələbə xalqın iradəsinin, ordunun gücünün və dövlət rəhbərliyinin qətiyyətli siyasətinin nəticəsidir.
Artıq dörd ildən çoxdur ki, Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu status xalqın mənəviyyatında, dövlətin siyasətində və beynəlxalq imicində əks olunur. Prezidentin çıxışında da bu müzəffərliyin davamlı və əbədi olacağı vurğulanır.
Azərbaycan-Türkiyə-Pakistan münasibətləri çıxışda xüsusi vurğulandı. Prezident bildirdi ki, bu üç ölkə arasındakı qardaşlıq və strateji tərəfdaşlıq nadir və dəyərli bir əməkdaşlıq modelidir. Bu birlik regional sabitliyin və inkişafın əsas təminatçılarındandır.
Cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Azərbaycan gənc nəslini vətənpərvərlik ruhunda yetişdirmişdir. Bu, müstəqil və güclü dövlətin təməlini təşkil edən ideoloji əsaslardan biridir və gələcək uğurların təminatıdır.
Bu çıxış həm qələbə ruhunu, həm də milli vəhdəti ifadə edən mühüm tarixi sənəd kimi dəyərləndirilə bilər.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytel Hacıyəhyayeva