Azərbaycan-Türkiyə-Pakistan dostluğu əbədidir

Azərbaycan-Türkiyə-Pakistan dostluğu əbədidir Ümumiyyətlə, ölkəmizlə dostluq və qardaşlıq münasibətlərinə malik olan hər iki güclü dövlətin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində mövqeyi hər zaman ədalətli və qətiyyətli olub. Həm Türkiyə, həm də Pakistan istər 30 ilə yaxın davam edən işğal dövründə, istərsə İkinci Qarabağ savaşı zamanı, istərsə də postmünaqişə mərhələsində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və haqlı mövqeyinə prinsipial dəstək ifadə ediblər. Bu, Azərbaycan xalqı və dövləti tərəfindən olduqca yüksək qiymətləndirilir. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə bildirib: “2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik”. Bu görüşün Laçında keçirilməsi həm region, həm də dünya üçün böyük əhəmiyyətli bir mesajdır. Hər üç dövlətin liderlərinin iştirakı ilə keçirilən bu görüş dünyaya sülhün, dostluğun, qardaşlığın əyani nümunəsini göstərməkdədir. Bu formatda keçirilən ikinci zirvədir. Təbii ki, bu davamlı olacaq və Qafqazda, eyni zamanda Orta Asiyada təhlükəsizliyin davamlı olmasında təsirini göstərəcək.
Azərbaycan, Türkiyə və Pakistan bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir. Dünya siyasətinin müəyyənləşdirilməsində bu ölkələrin özünəməxsus yeri və rolu var. Bu 3 ölkə həm də bir-biri ilə sıx tellərlə bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir. Onlar arasında olan münasibətlər dünyaya nümunə və örnəkdir.
Nümayiş etdirilən Türkiyə, Pakistan və Azərbaycanın strateji müttəfiqliyi regional inkişafın yeni mərhələsində aparıcı güc mərkəzi kimi çıxış edir - bu güc mərkəzi isə öz növbəsində təhlükəsizlik, inkişaf və tərəfdaşlığın yüksəlməsinə töhfələr verir. Əminliklə söyləmək olar ki, ölkələrimiz bundan sonra da müxtəlif sahələrdə işbirliyini uğurla davam etdirməklə yeni tarixi nailiyyətlərin altına imza atacaqlar.
Dilbər Rəhimova-4 saylı Uşaq Musiqi məktəbinin direktoru

Oxşar xəbərlər