Azərbaycan, Türkiyə və Pakistan xalqları ortaq İslam dəyərlərinə, mənəviyyata və qardaşlıq düşüncəsinə sahibdir

Azərbaycan, Türkiyə və Pakistan xalqları ortaq İslam dəyərlərinə, mənəviyyata və qardaşlıq düşüncəsinə sahibdir
Tarix boyunca xalqları birləşdirən əsas dəyərlər – qardaşlıq, ortaq dil, din, mədəniyyət və mübarizə ruhu olmuşdur. Azərbaycan, Türkiyə və Pakistan bu mənada dünya miqyasında örnək təşkil edən bir ittifaq formalaşdırıblar. Bu üç ölkə yalnız diplomatik deyil, həm də mənəvi baxımdan bir-birinə bağlıdır. Gündəlik həyatda belə bu bağlılıq hiss olunur – məktəblərdə, meydanlarda, bayramlarda bu qardaşlıq ruhu yaşadılır, bölüşülür və qorunur.
Bu birlik xalqların könlündə, döyüşçülərin əzəmətində, liderlərin iradəsində yaşamaqdadır. Bu gün Azərbaycan–Türkiyə–Pakistan birliyi təkcə sözlə deyil, əməli şəkildə özünü göstərən bir gücə çevrilmişdir.
Azərbaycan xalqı üçün Türkiyə və Pakistan sadəcə tərəfdaş ölkələr deyil – əsl qardaşlardır. Çanaqqala döyüşlərində Azərbaycan türklərinin göstərdiyi mənəvi dəstək, Qarabağ müharibəsi zamanı Türkiyə və Pakistanın Azərbaycana açıq şəkildə arxa durması bu qardaşlığın dərinliyini sübut edir.
2020-ci ildəki Vətən müharibəsi zamanı Pakistan və Türkiyə birmənalı şəkildə Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər. Pakistan parlamentində Azərbaycanın haqq savaşına dəstək məqsədilə qəbul olunan qətnamələr, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər bir çıxışında Azərbaycana verdiyi dəstək qardaşlıq münasibətlərinin zirvəsi idi.
Bu üç ölkə arasında münasibətlər sadəcə təmənnasız qardaşlıq ruhundan doğmur – eyni zamanda sağlam siyasi və diplomatik əməkdaşlıq üzərində qurulub. Azərbaycan, Türkiyə və Pakistan bir çox beynəlxalq platformalarda bir-birini dəstəkləyir, ortaq mövqedən çıxış edirlər.
Xüsusilə, 2021-ci ildə Bakı şəhərində imzalanan Bakı Bəyannaməsi üç ölkənin qardaşlıq münasibətlərini rəsmi səviyyədə yeni mərhələyə keçirdi. Bu bəyannamə göstərdi ki, Azərbaycan, Türkiyə və Pakistan təkcə bu günü deyil, gələcəyi də birlikdə qurmağa qərarlıdırlar.
Azərbaycan, Türkiyə və Pakistan arasında keçirilən birgə hərbi təlimlər – xüsusilə “Üç Qardaş” təlimləri – yalnız təlim deyil, həm də güc nümayişidir. Bu təlimlər göstərdi ki, bu üç ölkənin orduları təkcə silahla deyil, ruhla da bir yerdədir. Qarabağda əldə edilən zəfərin arxasında yalnız Azərbaycan əsgərinin qəhrəmanlığı yox, həm də bu qardaş dəstəyi dayanır.
Pakistan və Türkiyənin hərbi-texniki təcrübələri Azərbaycan üçün vacib təcrübə məktəbidir. Eyni zamanda, Azərbaycan da regionda sabitliyin əsas təminatçılarından biri kimi çıxış edir və bu hərbi əməkdaşlıq bölgədəki sülh və təhlükəsizliyə böyük töhfə verir.
Azərbaycan–Türkiyə–Pakistan birliyi yalnız siyasi və hərbi əməkdaşlıqla məhdudlaşmır. Geniş iqtisadi əlaqələr və potensial imkanlar bu ittifaqın gələcək inkişafının əsas dayaqlarındandır. Azərbaycan enerji ixracatı sahəsində mühüm rola malikdir. Türkiyə bu enerjinin Avropaya daşınmasında tranzit mərkəzi funksiyasını yerinə yetirir, Pakistan isə böyük istehlak bazarı və geostrateji mövqeyi ilə diqqət çəkir.
Bu üçlüyün əməkdaşlığı nəticəsində Zəngəzur dəhlizi, Orta Dəhliz və Çin-Pakistan İqtisadi Dəhlizi kimi layihələr vasitəsilə yeni nəqliyyat yolları və enerji xətləri formalaşdırıla bilər. Bu isə həm iqtisadi gəlir, həm də strateji üstünlük deməkdir.
Azərbaycan, Türkiyə və Pakistan xalqları ortaq İslam dəyərlərinə, mənəviyyata və qardaşlıq düşüncəsinə sahibdir. Hər üç ölkədə insanlar bir-birinə böyük hörmət və məhəbbətlə yanaşır. Azərbaycan xalqı üçün “Pakistan” adı qardaşlıq, sədaqət və dostluq deməkdir. Türkiyə isə Azərbaycanın sadəcə strateji müttəfiqi deyil – can qardaşıdır.
Bu üç ölkənin gəncləri arasında həyata keçirilən təhsil və mədəniyyət proqramları ortaq gələcəyin təməllərini qoyur. Tələbə mübadiləsi, ortaq layihələr və media əməkdaşlığı sayəsində bu birlik gələcək nəsillərə ötürülür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 28 May – Müstəqillik Günü münasibətilə Laçın şəhərində etdiyi çıxış həm simvolik, həm də strateji baxımdan olduqca əhəmiyyətli idi. Çıxış zamanı Prezident vurğuladı ki:
Laçında keçirilən tədbir zamanı 28 May, Zəfər və Heydər Əliyev küçələrinin açılışı ilə yanaşı, şəhərdə aparılan bərpa-quruculuq işləri də təqdim olundu. Bu, təkcə infrastruktur deyil, həm də ruhun dirçəlişi idi. Prezidentin çıxışında verdiyi mesajlar təkcə daxili auditoriyaya deyil, beynəlxalq ictimaiyyətə və xüsusilə də qardaş ölkələrə – Türkiyə və Pakistana ünvanlanmışdı. Mesaj aydın idi: Azərbaycan güclüdür, qalibdir və dostları ilə birlikdə gələcəyə daha inamla irəliləyir.
Azərbaycan–Türkiyə–Pakistan birliyi – bu, sadəcə diplomatik termin deyil. Bu, ürəklərin birliyidir, niyyətlərin birliyidir, gələcəyin birliyidir. Bu üçlük bölgədə ədalət, sülh və güvən axtaran xalqlar üçün ümid çırağıdır. Bu birliyin gücü tankda, topda deyil – qardaşlıqda, sədaqətdə və mənəviyyatda gizlidir.
Yaşasın Azərbaycan–Türkiyə–Pakistan birliyi və qardaşlığı! Bu birlik sarsılmazdır, bu dostluq əbədidir!

Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
tarix müəllimi Günel Kərəmova

Oxşar xəbərlər