Pakistan ilə Azərbaycan arasında dostluq əlaqələri keçmiş tarixi ənənələrimizin üzərində qurulub

Pakistan ilə Azərbaycan arasında  dostluq əlaqələri keçmiş tarixi ənənələrimizin üzərində qurulub Son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ölkəmizin müxtəlif dövlətlərlə münasibətlərinə də müsbət təsir göstərir, əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Ötən bir neçə il ərzində Azərbaycan Prezidenti Cənab İlham Əliyevin müxtəlif nüfuzlu beynəlxalq tədbirlərə dəvət alması, bir sıra tədbirlərdə fəxri qonaq qismində iştirak etməsi ölkəmizin artan rolunun və çəkisinin əyani təsdiqidir. Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətləri ilə ikitərəfli əlaqələri onu qitələrarası qovşağa çevirir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.
Azərbaycan və Pakistan arasındakı əlaqələr tarixi köklərə, ortaq dini dəyərlərə və qardaşlıq münasibətlərinə əsaslanır. Münasibətlərin mühüm xüsusiyyəti Pakistanın da Türkiyə kimi həmişə ədalətin tərəfində olması, Azərbaycanın haqq işini daim dəstəkləməsidir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb.
Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin inkişafına Ulu Öndər Heydər Əliyev böyük xidmətlər göstərib.Dövlət müstəqilliyimizin ilk illərindən Ulu Öndər Pakistan-Azərbaycan münasibətlərinə böyük önəm verirdi. Görkəmli dövlət xadimi iki ölkə arasında olan münasibətləri belə səciyyələndirirdi: "Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimizin üzərində qurulub". Hazırda bu siyasət Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir, ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bu, ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır.
Azərbaycan və Pakistan, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edərək bir-birini dəstəkləyir. Bu təşkilatlara BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Asiya Parlament Assambleyası və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Konfransı daxildir.
Son illərdə iki ölkə liderləri arasında əlaqələr daha da intensivləşib. Onlar beynəlxalq tədbirlərdə, xüsusilə Azərbaycan tərəfindən keçirilən və ya iştirak edilən tədbirlərdə müntəzəm olaraq görüşürlər. Cənab Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Şanxay Əməkdaşlıq Təşkilatının son iki sammitində bir araya gəliblər. 2023-cü ilin iyul ayında Pakistanın Baş naziri Azərbaycana səfər edib.
Cənab Prezident İlham Əliyevin 11-12 iyul tarixində dövlət səfəri Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi və bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır.
Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığın perspektivləri çox genişdir. Hər iki ölkə sənaye, kənd təsərrüfatı, tikinti və ticarət sahələrində qarşılıqlı maraqları nəzərə alaraq, yeni layihələrin həyata keçirilməsinə böyük əhəmiyyət verir. Pakistan şirkətlərinin azad edilmiş ərazilərdə bərpa işlərində iştirakı bu əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır. Nəqliyyat sahəsində həyata keçirilən layihələr isə iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə və regionun iqtisadi inkişafında önəmli amildir.
Azərbaycan və Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri, ikitərəfli iqtisadi əlaqələrin daha da genişlənməsinə imkan verir. Bu əlaqələrin inkişafı, hər iki ölkənin iqtisadi potensialını artırmaqla yanaşı, regionun iqtisadi stabilliyinə və inkişafına da müsbət təsir göstərəcək.
Azərbaycan Prezidenti Cənab İlham Əliyev İslamabadda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə iyulun 11-də keçirilən mətbuata bəyanatında bildirib ki: “Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır”.
Cənab Prezident İlham Əliyevin Pakistan səfəri ikitərəfli münasibətləri dəyişdirəcək dönüş nöqtəsi kimi tarixə düşdü. Pakistanın Baş nazirinin təbirincə desək, bu səfər qardaşlıq əlaqələrində həlledici məqam və iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın yeni dövrünün xəbərçisi oldu. Bundan başqa imzalanmış sənədlərin Bakı ilə İslamabad arasında möhkəm dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafı üçün yeni perspektivlər açacağı şübhəsizdir. Qeyd olunduğu kimi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var və tərəflər ciddi şəkildə qarşılıqlı fəaliyyətin artırılmasına daha da təkan verəcək.
Bakı ilə İslamabad arasında əlaqələr Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatı çərçivəsində də inkişaf edir. Bu format rəsmi olaraq 2017-ci ilin noyabrında Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin Bakıda ilk üçtərəfli görüşü zamanı işə salınıb. 44 günlük müharibə zamanı üçtərəfli format güc sınağından uğurla keçərək özünü həqiqi dostların ittifaqı kimi təsdiqləyib. Dünya miqyasında ədalətli mövqeyinin müdafiəsi kontekstində Azərbaycan üçün Türkiyə və Pakistanın mənəvi-siyasi dəstəyi böyük əhəmiyyət kəsb edib. Bu dəstək müharibədən sonrakı dövrdə də davam edir. Xüsusilə Türkiyə və Pakistan işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və burada genişmiqyaslı bərpa işlərinin aparılması üçün Azərbaycana lazımi köməklik göstərir. Bir sözlə, Bakı ilə İslamabad arasında müttəfiqlik əlaqələrinin qurulması, ikitərəfli səmimi qardaşlıq və dostluq əlaqələrinin genişləndirilməsi hər iki ölkənin həyati maraqlarına cavab verir.
İqtisadi sahədə də inkişaf üçün ciddi potensial var. Artıq iki ölkə hökumətləri ticarət, investisiya, sənaye, enerji, nəqliyyat və nəqliyyat dəhlizlərinin praktiki məsələləri ilə məşğuldurlar. Cənab Prezident İlham Əliyevin əminliklə qeyd kimi bütün planlar həyata keçiriləcək. Bunlara ikitərəfli ticarətin və birgə investisiyaların genişləndirilməsi daxildir. Qarşılıqlı faydalı layihələrə ilkin investisiyaların 2 milyard dollar təşkil edəcəyi gözlənilir.
Ümumiyyətlə, Pakistan tərəfi Azərbaycan şirkətlərinin ölkəyə sərmayə qoymasında çox maraqlıdır. Hazırda Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində çox sayda Pakistan şirkəti qeydiyyatdan keçib. Eyni zamanda, Pakistan şirkətləri də azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərində iştirak etmək üçün müraciət ediblər. Azərbaycan Pakistanla ticari-iqtisadi əlaqələrin genişləndirilməsini vacib hesab edir.
Bir sözlə, Cənab Prezident İlham Əliyevin Pakistan səfəri Azərbaycan diplomatiya tarixində xüsusi iz buraxmaqla yanaşı, həm də iqtisadi, geosiyasi baxımından müstəsna rol oynadı. Səfərin mahiyyəti və imzalanan sənədlər nüvə dövləti olaraq qlobal arenada xüsusi çəkisi olan Pakistan kimi ölkə ilə Azərbaycanın strateji müttəfiqliyini daha yüksək səviyyəyə qaldırdı. Eyni zamanda, bu səfər Prezident İlham Əliyevin dünyada sülhə, barışa, bölgədə inkişafa yönəlik mükəmməl xarici siyasətinin zirvə nöqtəsi kimi yadda qaldı. Buna görə də, şübhə yoxdur ki, Prezident İlham Əliyevin Pakistana budəfəki səfəri uzunmüddətli perspektivdə əməkdaşlığın genişlənməsinə və dərinləşməsinə töhfə verəcək, həm ikitərəfli əsasda, həm də yeni əməkdaşlıq formatı çərçivəsində ölkələrimiz arasında münasibətlərə yeni məzmun və keyfiyyət gətirəcək.
Bakıxanov qəsəbəsi 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Ağayeva Xəyalə.

Oxşar xəbərlər